Bioenergetik: Azərbaycan kosmos tərəfindən qorunur
O, illərdir Azərbaycandan kənarda yaşayır. Öncə Türkiyəyə gedərək, İstanbulda özünün xüsusi bioenergetik müalicə ilə məşğul olan " İşıq adlı” mərkəzini açıb. Minlərlə insanı müalicə edib. Belə bir klinika Türkiyədə bir ilk olub. Daha sonra isə ailəsi ilə Amerikaya köçüb. İndi orada xəstələrlə reyki energetik seansları, bioenerji metodları ilə işləyir.
Söhbət Sevinc Kərimovadan gedir. O, 25 ildir, kosmik enerji metodu olan reyki ustalığı ilə ağır xəstəliklərin və depressiyada olan insanların müalicəsi ilə məşğul olur, nəticələri kliniki müayinələrlə sübut olunub.
Hazırda S. Kərimova təcrübəsini seminarlarda digər insanlara da öyrədir, Bakıya ildə bir neçə dəfə gələrək, pasiyentlərini qəbul edir.
Oxu.Az xəbər verir ki, Medicina.az-ın əməkdaşı bu unikal metod ustası ilə Bakıda görüşüb və ondan müsahibə alıb.
Onun Bakıda yaşayarkən keçdiyi həyat və fəaliyyətini oxuduqca, çoxlarınız bəlkə də tanıyacaq. Çünki Sevinc Kərimova məşhur "Karvan” qrupunun, "Bakı Payızı” müsabiqəsinin bədii rəhbəri, prodüseri, bir çox televiziya layihələrinin rejissoru, televiziya və musiqi aləmində kifayət qədər tanınmış insan olub.
O vaxtlar onun ağlına belə gəlməzdi ki, nə vaxtsa hər şeyi buraxıb, bioenergetik olacaq...
-Sevinc xanım, insanlar xüsusi qabiliyyətli şəxslərə heç vaxt birmənalı yanaşmayıb: inananlar da var, inanmayanlar da. Necə oldu ki, özünüzdə bu gücü kəşf etdiniz?
-Mən öz həyatını yaşayan, işi ilə məşğul olan adi bir qadın olmuşam. Özüm nə dinə, nə cinə, nə şeytana inanan biri idim. İncəsənətdə, şou-biznesdə, televiziya sahəsində idim. O vaxt şou-biznes ulduzlarının konsertlərini, kliplərini çəkirdik. Ölkədə və kənarda da məşhur olan "Karvan” pop-qrupunun yaradıcısı və bədii rəhbəri idim. Çox səs-küylü uğurlardan bir ara başım gicəllənmişdi. Məndə özündənrazılıq hissi, bir az qəddarlıq yaranmışdı. Ekstrasensləri, məsələn Kaşpirovskini, Tofiq Dadaşovu ciddi qəbul etmirdim, gülürdüm, hətta bir sənədli film ssenarisi yazmışdım ki, orada şarlatanları biabır edəcəkdim. Ona görə bütün Azərbaycanda olan ekstrasenslərin, vergisi olanların siyahısını tutdum.
Açığı, həmin illər sovet dağılmışdı, ölkədə vəziyyət gərgin idi, müharibə başlayırdı. "Karvan” qrupunun da konsertlərini təxirə salırdılar ki, şənlik olmaz. Buna görə bir qədər depressiyaya düşmüşdüm.
Bir gün veriliş çəkilişi üçün yola çıxdıq, birdən qarnımdan sanki bıçaq sapladılar, elə dəhşətli ağrı qopdu ki, ikiqat oldum. Huşumu itirdim və bir də gözümü reanimasiyada açdım. Artıq əməliyyat olunmuşdum. Sən demə, öd kisəmdə nəhəng bir daş var imiş, daş öd kisəsini partladıb, qarın boşluğu bütün irin idi. Çox qan itirmişdim və həkimlər 10% yaşama şansımın olduğunu görüb, əməliyyat yerini elə tikmişdilər ki, sanki yorğan sırımışdılar. Eləcə Allaha ümid reanimasiyaya yerləşdirdilər: ya qalar, ölər.
Düz 5 gün komada qaldım. Heç nə xatırlamırdım. Onu görürdüm ki, xəstəxana dəhlizlərində havadaca sanki uçuram. Çox yüngül idim. Mən dəhliz boyu uçub, bir şüşə stendin qarşısında dayandım, orada irili-xırdalı daşlar var idi, bir sarı daşın üstündə də mənim adım, soyadım yazılmışdı. Öz-özümə düşündüm ki, burada adım niyə yazılıb?
Sonra komadan ayılanda bu məqamı xatırladım. Elə bildim yuxu görmüşəm. Həkimlər komadan çıxdığımı görüb şoka düşdülər. Özümə gəldim, məni başqa binaya, palataya köçürdülər. Orada artıq dəhlizdə gəzəndə şüşə bir stellajda daşlar gördüm. Sən demə, cərrah ödlərdən çıxardığı daşları kolleksiya kimi yığırmış. Yumurta boyda daşın üzərinə də mənim adım yazılmışdı. O da məndən çıxarılan daş idi. Onda mən bir az qorxuya düşdüm. Deməli, mən buranı gəzirdim.
Lakin ən qorxulusu irəlidə idi. Mən palatada insanların daxilindəki xəstəlikləri, problemləri görməyə başladım.
Bir səhər 12 yaşlı bir qızı gətirdilər, ağrıları var idi. O vaxt da USM belə əlçatan deyildi. Ancaq ekstremal hallarda özəl olaraq istifadə olunurdu. Həkimlər qızın qarnını əllə yoxlayıb, dedilər, apendisitdir, əməliyyat edəcəyik. Qızın anası da orda idi. Mən gördüm ki, qızın ağrısı böyrəklərindəndir. Onda qum və duz var idi. Anasına dedim ki, əməliyyat lazım deyil, apendisiti boşuna çıxaracaqlar. Qadın qorxdu və həkimləri saxladı. Nədənsə mənə inandı, USM tələb etdi. Əlavə müayinələr göstərdi ki, həqiqətən qızda apendisit yox, böyrək problemi var. Əməliyyat təxirə salındı, qız salamat evə getdi.
Bu barədə bütün xəstəxanaya xəbər yayıldı. Bir də gördüm palatanın qarşısında xəstələr və yaxınları növbədədir. Hamı məndən özü ilə bağlı diaqnoz almaq istəyirdi. Həkimlər tezbazar məni evə göndərdilər. Çünki başları dərddə idi. Diaqnozları səhv çıxırdı, əməliyyatlıq xəstələr əldən çıxa bilərdi.
Evə gəldikdən sonra sanki cəhənnəmə düşdüm. Artıq yol gedə bilmirdim, səslər, insanların enerjisi, aurasını, neqativini görürdüm. Bütün günü yatmaq istəyirdim. Yuxularım dəhşət idi, qızılı skafandrda ucaboylu kimlərsə mənə nəsə öyrətməyə çalışırdı. Görmədiyim yerləri gəzirdim. Ovuclarımın içi yanırdı. Axırda dözməyib, verilişlə bağlı yazdığım ekstrasens siyahısına baxdım. O vaxt Bakıda məşhur rus bir oğlan görücü var idi, xəstə yataqda insanları qəbul edirdi. Onun yanına getdim, qapıdan məni görən kimi dedi: "Səndə vergi var. Onu işlətməyi bacarmalısan”. Mən həmin gündən dəyişdim. Anladım ki, məni həkimlər, mollalar, ekstrasenslər yox, elə özüm xilas etməliyəm. Başladım oxumağa, araşdırmağa, öyrənməyə. 10 il müxtəlif kursları keçdim, reykini öyrəndim, enerjimi ələ almağı bacardım, daha qorxmadım və missiyamı bildim.
Daha sonra şərq müalicə üsullarını öyrəndim, parapsixologiya institutunda imtahan verdim, parapsixoloq, enerqoterapevt diplomu aldım. Amerikada isə hipnoz terapevt və reyki ustadı diplomu aldım. Türkiyə və Amerikada bu sahə üzrə çalışdım.
-İnsan xəstələnir: həkimlər bədəni müayinə edir, orqanları görür və həqiqətən də bir diaqnoz tapırlar. Bəs energetik xəstələnmə nədir? Bunlar bir-biri ilə bağlıdırmı?
-İnsanın yaradılışdan 7 bədəni var. Biri fiziki, 6-sı astral. Fiziki gördüyümüz, toxunduğumuz və həkimlərin müayinə etdiyi bədən, orqanlardır.
İnsanın endokrin sistemi, koronar-ürək damar sistemi, hormonal, sinir, həzm sistemi var. Eynilə də astral bədənin energetik sistemləri var.
Hazırda indiki KT, EKQ ilə müayinələrdə müəyyən energetik şüalanma və dalğaları görmək olur. Bunları orqanlar və qan əks etdirmir, bunu enerji əks etdirir.
Dünyada belə bir aparat var: KİRLİAN. Bu aparat insanın ətrafında olan energetik sahəni, astral bədənin fotosunu çəkir. Bu aparatı istənilən adam əldə edib, öz energetik sistemini yoxlaya bilər. Texnologiya inkişaf etdikcə, elm də dediklərimi təsdiq edir. İnsanın bioenergetik elektromaqnit sahəsi var. Bu bədən fiziki bədənimizi qorumaq və qidalandırmaq üçün yaranıb. Ola bilməz ki, bütün yaradılışın mərkəzi olan insanı təkcə dəri və sümük qorusun. Bu qədər şüalanma, dalğalar var, hər yer enerjidir. Mütləq bir energetik qorunma qatı da olmalıdır. Bu da insan yaradılarkən düşünülüb.
Bir yumurta təsəvvür edin. Yumurtanın qabığı, içində ağ şəffaf örtük, ağı və sonra sarısı gəlir. Eynilə insan bədəni və energetik sahəsi də belədir.
İnsan enerji ilə qidalanır. 4 enerji mənbəyimiz var.
1-ci qidadır, yeyirik, enerjimiz artır. İnsan ac olanda gücsüz olur.
2-ci günəş, təbiət, su, hava, ağaclar - ona görə insan dəniz, su kənarında, meşədə olanda sakitləşir, enerji alır.
3. Nəfəs, tənəffüs - bu da havadan enerji almaqdır. Yoqlar bu metodla da enerji ala bilirlər. İnsan düzgün tənəffüs hərəkətlərini bilsə, enerjisi çox olar. İnsanın sadəcə ağciyərləri ilə adi nəfəs alıb verməsi bura daxil deyil. O, fiziki bədən üçündür.
4. Ən vacib enerji mənbəyi Kosmosdur. Bu, universal kosmik enerjidir. Canlı olan və olmayan hər şeyi qidalandırır. Əgər biz bu enerji mənbəyindən məhrum oluruqsa, - 90% insan bundan məhrumdur - o zaman biz yalnız qidadan, sudan enerji alırıq. Ona görə çox yeyir, kökəlir, tez də acır və qocalırıq. Əslində insana bu qədər qida lazım deyil. O, kosmos, təbiət, tənəffüsdən lazımi enerjini alsa, indi yediyinin 20%-ni də yesə, yetərlidir. Çünki kanallar açıq olanda, enerji dövranı normal gedir, tox olursan.
Yəqin ki eşitmisiniz , Günəş adamları var. Onlar yemək yemir. Təkcə günəşdən enerji almaqla qidalanırlar. Bəs niyə ölmürlər? Deməli, qida elə də vacib amil deyil.
Bəs xəstəliklər nədir, müalicə necə olmalıdır?
Bir kompüter misalı çəkim: monitor, yaddaş, super güc. Bir kompüter enerjiyə taxılmasa, işləyəcəkmi? Xeyr. Heç açılmayacaq da. Eləcə də insan – universal bir kompüterdir. Onun enerji mənbəyi kosmosdur. Onun "zaryadka”sı kosmosa qoşulub. Əgər bu əsas enerji mənbəyindən insan qopursa, ehtiyat batareyaları işə düşür. Bunlar rezervdir, akkumlyatordur. Sonradan bu batareyalar da tükənəndə, orqanizmdə xəstəliklər başlayır. İlk növbədə hər insanda genetik zəif halqalar var. Kimidə diabet, kimidə əqli problem, kimidə xərçəng. Və enerji tükəndikdə artıq bu xəstəliklər oyanır.
Əvvəlcə energetik sistem çökür, sonra ona bağlı olan endokrin-hormonal balans pozulur. Daha sonra sinirlər qoşulur, ürək-damar. Başladısa, davamı gedir.
Adətən energetik balans pozulduqdan 7 il sonra ağır fiziki xəstəliklər başlayır. Əsas də bədəndə gəzəyən ağrılar olur ki, gah oram ağrıyır, gah buram ağrıyır deyirlər. Həkim də bir şey tapmır. Bunlar energetik pozulmanın ilk əlamətləridir.
Tibdə buna fantom ağrılar deyilir. Bəzən olur ki, xəstənin ayağı kəsilir, amma xəstə deyir ki, o ayağım ağrıyır. Necə? Çünki energetik yaddaşda saxlanılıb. Ayaq fiziki olaraq mövcud deyil, amma enerji forması qalıb. Bu informasiya bir müddətdən sonra pozulanda ağrı itir.
-Sizi həkimlərdən və tibbi müayinə-müalicədən fərqləndirən nədir?
-Mən analiz, rentgen, USM etmirəm. İnsanın energetik sahəsinin yaddaşını oxuyuram. Bədən ətrafında olan energetik sahənin formasından bilinir ki, hansı orqanda nə problem var. İnsan güclü stress, həyəcan, qorxu keçirəndə, hansısa energetik hücuma məruz qaldıqda, xəstələndikdə, energetik sahədə dəliklər, ləkələr, sızmalar görünür.
90 faiz xərçəng xəstələrini araşdıranda məlum olur ki, 7-8 il əvvəl həyatlarında böyük şok, stress yaşamış insanlardır. Sonra o məqam keçir, elə bilirlər heç nə olmayacaq, amma 7-8 il sonra şiş aşkar olunur.
-Niyə energetik balans pozulur?
-Energetik balansın pozulması 2 səbəbdən olur. Xaricdən – bu, göz-nəzər, həsəd, el arasında cadu, əməl, neqativ təsir, lənət və s. Bunlar da enerjidir.
Bizim orqanizmimiz 7,5 hrs enerji zərbəsinə davamlıdır. Bu normaya qədər olan təsiri özü geri qaytara bilir. Əgər xaricdən bu tezlikdən çox enerji gəlsə, o zaman energetik mühafizə qatı sındırılır və aurada dəliklər yaranır. O dəliklərdən orqanizmə neqativ enerji daxil olmağa başlayır.
Sanki yumurtanın qabığı sınır, ordan ağı axmağa başlayır.
İnsanın çakraları bir növ enerji tənzimləyiciləridir. Onlar energetik həmləni birinci qəbul edib, dəf edir. Güclü energetik təsir olanda çakralar sanki yanır. Elə bil ki, evdə enerjini kəsib birdən artıranda lampalar yanır, ya sayğacda qoruyucu sistem atır, çakralar da eyni rolu oynayır.
Yaxşı hal odur ki, biz bu çakraları bərpa edə bilərik. Müxtəlif metodlarla, təmizlənmə, meditasiyalar və s. vasitəsilə. Bunu bacaran özü də edə bilər, bacarmayan isə mütəxəssis köməyindən istifadə etməlidir.
Əgər insan öz üzərində işləməsə, bağlanmış və yanmış çakraları vaxtında bərpa etməsə, növbəti zərbələr artıq birbaşa fiziki bədənə, orqanlara dəyir. Burdan da müxtəlif xəstəliklər başlayır.
Şəkərli diabet özü güclü qorxunun nəticəsidir.
Xüsusən uşaqlarda qorxu, səksənmək, stress anemiya, leykoz, diabet, nitq problemi və s. yaradır.
Bütün bu danışdıqlarım xaricdən və ətrafdan gələn neqativ enerjinin təsiridir.
Bunun yenə qarşısını almaq olar.
Ən dəhşətlisi insanın özünün daxildən yüklədiyi neqativdir.
İnsan kin, nifrət, küskünlük, inciklik, həsəd, qısqanclıq hisslərini özündə yığıb basdırırsa, bu onu daxildən dağıdır.
Bu problemlə işləmək, təmizləmək də çətindir.
Əgər qaranlıq insanın daxilindən onu yeyirsə, namaz qılmaq, dua, müqəddəs yerlər, su və energetik balanslaşdırma, meditasiya belə onu xilas edə bilmir. Daxilində yığdığın ən kiçik belə neqativ qara enerji və hisslər də müəyyən illərdən sonra fiziki xəstəliyə çevrilir.
Məsələn, əgər kimsə çox həsəd çəkirsə, fikir edirsə, başqasının həyatını izləyib, özündə də eyni şeyləri istəyirsə, belə insanlarda astma-bronxit olur. Həsəd paxıllıq ürək çakrasını dağıdır. Bu adamlar səbəbsiz yerə boğulur. Həkim dərman yazır, amma bu, sadəcə simptomları yüngülləşdirir. O, xəstə olaraq qalır. Tamam sağalmaq üçün insan səbəbi tapıb, səmimi ürəkdən tövbə edib, paklanmalı, o blokları götürməli, həsəd, nigarançılıq, paxıllıqdan uzaq durmalı, ürək çakrasını açmalıdır.
İnciklik, küskünlük, hər şeyi ürəyinə salmaq da çox güclü enerjidir. Bu enerjini nə qədər içində saxlasan ürək-damar, endokrin sistem və qalxanvari vəzlə problemlər yaradacaq.
-Mənə elə gəlir ki, çox həkimlər də bunu bilir, qəbul edir. Amma nə etsinlər ki, təbabət fiziki nə görürsə, ona diaqnoz qoyur. Amma siz qeyd etdiniz ki, Amerikada bir çox xəstəxanalarda xüsusi olaraq bu metodla müalicələr də tətbiq olunur.
-Əzizim, nəyi ki görmürüksə, o demək deyil ki, o yoxdur. Xoşbəxtlikdən indi bu sahədə yeni elmi araşdırmalar aparılır. Sirlər açılır. Akademik təbabət yenidir, bu elmlərin on min il yaşı var.
Amerikada çox klinikalarda belə şöbələr var. Akademik təbabətlə yanaşı, bu metodlar da uğurla tətbiq olunur. Orada məşhur cərrahlar, kardioloqlar var ki, özləri reyki üzvüdür, enerji ilə işləyirlər. Hesab edirəm ki, klassik təbabət həmişə olacaq, elə məqamlar var ki, xəstə təcili xilas olunmalıdır. Amma 100 il sonra olsa da, klassik təbabət energetik müalicə ilə birgə fəaliyyət göstərəcək.
Reyki metodları ilə stress, depressiya, yuxusuzluq, panik atak, müxtəlif toksiki yüklənmə, xoşxasəlli problemlər, hormonal xəstəliklər, ağrılar, miqren, baş ağrıları, xroniki iltihabi proseslər, ürək-damar problemləri çox gözəl müalicə olunur. Bədxasəlli onkoloji xəstəliklərdən başqa bir çox xəstələri seansa alırıq.
-Bəs biz gündəlik həyatımızda nə etməliyik ki, enerjimiz axmasın, auramız pozulmasın və energetik təmizlənə bilək?
-İnsan fiziki bədəninin qeydinə qalır: yuyunur, təmizlənir, həkimə gedir, dərman atır. Bəs energetik bədən üçün nə edirlər? Heç nə.
Bir çox inanclı insanlar dini yerlərə getməklə, dua və namazla az da olsa, bu ehtiyacı ödəyir.
Amma biz səhər açılandan evdən çıxıb evə qayıdana kimi energetik bədənimizi çirkləndirməklə məşğuluq: küçədə stress, işdə stress, evdə stress. Hamı bir-birinə energetik hücum edir. Gün ərzində auranıza hopan bu çirki yumursunuz.
Eşitdiyimiz, danışdığımız sözlər, fikirlər hamısı enerjidir.
Qarşımızda yemək televizorda, radioda, telefonda neqativ xəbərlər, videolara baxırıq. Bütun bunlar yeməyə hopur. Bu suyu, qidanı udanda sən artıq ona hopan informasiyanın ağırlığını udmuş olursan. Ona görə dəbə-babalarımız deyirdilər, yemək yeyəndə şükür duası et, danışma, heç kimə qulaq asma, fikrin özündə sakitcə yeməyini ye.
Yemək yeyəndə özünüzü artıq informasiyadan qoruyun. Elə adamlarla süfrəyə oturun ki, onlarla yemək yemək xoş olsun. Deyinmək, gileylənmək, qeybət və qarğış dolu mühitdə yeyilən yemək zəhərdən də təsirlidir.
Yemək vaxtı yalnız gözəl, xoş musiqi səslənə bilər. Komediyaya baxın. İndi insanlar narkotik kimi sanki neqativə öyrəniblər. Nə qədər çox neqativ alırıqsa, enegetik eqreqor yaranır. O da qəbul etdiyiniz neqativlə qidalanır. Sən nə qədər çox neqativ alırsan, o hər dəfə daha çox, daha çox istəyir, getdikcə böyüyür. Sən ona bir enerji mənbəyi kimi qoşulursan, o, sənin enerjini vampir kimi çəkir. Ona görə deyirlər: qara zolaqdayam, neqativdən çıxmıram, yorğunam, işlərim getmir. Səbəbini də bilmirsən. Bu eqreqor astraldadır. Necə bilmək olar ki, sən bu eqreqora qoşulmusan? Hər gün bədəndə eyni nöqtənin sancmağından. Bu ya kürəyinin arxasında olur, ya ürəyin altında, ya da başında.
Özün-özünə kömək üçün nə edə bilərsən? Meditasiya, yoqa, idman, tənəffüs hərəkətləri- bu barədə çox kitablar, saytlar, youtube-da videolar var. İndi elə dövrdür ki, hər informasiya əlçatandır. Oxuyun, tapın, nəsə edin. Namaz özü də yaxşıdır. Amma əgər insanın qəlbi qaradırsa, evdə arvad-uşağını söyüb döyürsə, əməli yaxşı deyilsə, nə qədər başını əyib namaz qılsa da, faydası yoxdur. O təmizlənməyəcək
Kosmosun qanunu budur: şər şəri gətirəcək, xeyir xeyiri. Nə qədər sinənə döysən də ki, imanım var, dinim var, ürəyin Allaha bağlı deyilsə, xeyri yoxdur.
-Siz Amerikada yaşayırsız. Bakıya da gəlib gedirsiz. Bakının və əhalisinin enerjisi barədə nə deyə bilərsiniz? İnsanlarının aurasında nələri görürsünüz?
-Öncə deyim ki, Azərbaycan müqəddəs torpaqdır. Energetikası inanılmazdır. Bu yerlər kosmos tərəfindən qorunur. Xüsusən Abşeron. Atəşgah ki, bizdədir – odun enerjisi bu torpaqları avtomatik təmizləyir. Baxın nə qədər təbii fəlakətlər olur, amma bizdə az hiss olunur, az itki olur. Bəlalardan yan keçirik.
Mənim Bakının yollarındakı tıxac və qarışıqlıq səbəbindən yaranmış enerji xoşuma gəlmir.
Bu yollarda hər gün yüz minlərlə insan neqativlə yüklənir. İnsanlar bir -birinə şürualtı olaraq pis sözlər, lənət göndərir.
Bunlar da yığılır, depressiya, zəiflərdə isə intihar yaradır. Yolları, tıxacı düzəltmək lazımdır.
-İnsanlar aura, energetika eşidən kimi ağırlıqdan qurtulmaq üçün ekstrasens, baxıcı, molla yanına da üz tutur. Çünki ən çox onlar "səndə neqativ var, gəl təmizləyim” vədini verir. Bu metodlar doğrudurmu?
-Mən hesab edirəm ki, hər insan öz-özünə kömək etməli, özü fikirlərinə, ürəyinə nəzarət etməli, öz üzərində işləməlidir.
Bir də görürsən mənə də müraciət edirlər ki, qızım, oğlum, gəlinimi təmizlə, xəbəri olmasın, yaxşılığadır.
Deyirəm olmaz. Yaxşılığa belə olsa da, hər insan özü bunu gəlib istəməlidir. Kimsə kimin üçünsə nəsə sifariş edə bilməz. Mən magiya yox, reyki qanunları ilə işləyirəm. Bu qanun deyir: heç kimə zərər vermə.
Kiminsə aurasına, həyatına müdaxilə olmaz. Bunun karmik yükü var, cəzası var.
Magiyanın cəzası isə daha dəhşətlidir. Nəsildən-nəsilə ötürülür. Bu səhvin cəzasını sənin övladların, nəvələrin belə çəkə bilər. Bu, kosmosun qanunudur.
Mən bu işləri magiya ilə bağlamaq istəmirəm və magiyanın əleyhinəyəm. Magik təsirdən və magiyadan da uzaq durun.
Mənbə:> Oxu.Az