“Əgər Lotu Quli həbsxanadan çıxsa...”
Moskvanın “Yeni Moskva” yaşayış kvartalında “Fransız” ləqəbli “vor zakon”, 26 yaşlı Maksim Fransuzov müəmmalı şəkildə ölüb.
Virtualaz.org xəbər verir ki, rəsmi xronikaya görə o, pəncərədən yıxılıb, lakin kriminal dairələrdə bunu ağlabatan hesab etmirlər və hadisəni kriminal aləmin ötən ilin iyul ayında həbs olunan kralı “Şakro Molodoy”la bağlı gedən proseslərlə əlaqələndirirlər. Belə ki, cinayətkar aləmin patriarxının tezliklə azadlığa çıxmasının mümkün olmadığını yəqin edəndən sonra onun yaxın ətrafı sürətlə Rusiyanı tərk etməyə, ondan üz döndərməyə başlayıb.
Məsələ burasındadır ki, “Fransız” cəmi 23 yaşında “vor zakon” titulu alıb, lakin hüquq-mühafizə orqanları ona belə gənc yaşda bu rütbənin verilməsini həzm edə bilməyib və soyğunçuluq üstündə həbs olunan Fransuzovu Xakasiyadakı sərt rejimli həbsxanaya sürgün ediblər. Orada onu məcbur ediblər ki, “vor” titulundan imtina etmək barədə müraciətlə çıxış etsin. Lakin “Şakro” özü də Fransuzovun bu rütbəni daşımasının əleyhinə idi və belə əmr göndərmişdi ki, haqqı çatmadığı halda “vor zakon” adı alanların hamısı bu addan imtina etməlidir. Bundan sonra 2015-ci ildə Fransuzova sui-qəsd cəhdi olub. Lakin ağır yaralanan kriminal avtoritetin həyatını həkimlər xilas edə biliblər. İndi kriminal dairələrdə hesab edirlər ki, Fransuzovun “təsadüfən” çoxmərtəbəli binanın pəncərəsindən aşağı düşüb darmadağın olmasının arxasında “Şakro”nun əli ola bilər. O, həbsdə olsa da hələ də Rusiyanın ən təhlükəli qanqsterlərindən biri sayılır və həbsxanadan qruplaşmasını idarə etməyə çalışır.
Hərçənd ki, “Şakro”nun yaxın ətrafına daxil olan kriminal avtoritetlərdən bir çoxu Rusiyanı tərk edib. Bunların arasında “Dato Krasnodarski” (David Ozmanov-yezidi kürdü), Nodari Asoyan (“Nodar Rustavski”-yezidi kürdü), Şalva Ozmanov (“Kuso”-yezidi kürdü) də var. Üstəlik onların hər üçü “Şakro”nun qohumlarıdır. Habelə onun baş maliyyəçisi Konstantin Manukyan da Rusiyadan qaçıb və axtarışa verilib. İndi “Şakro”nun kriminal imperiyasının zəifləməsi ilə bağlı onun tacının kimə qismət olacağı müzakirə olunur. Rusiyanın kriminal aləm üzrə ixtisaslaşmış “Prime Crime” saytının redaktoru Viktoriya Gefter “Lenta.ru”-ya danışıb ki, “Şakro”nun klanı mövqeləri sürətlə əldən verdiyi üçün kriminal aləmin “ümummilli lideri” statusunun bu çevrədən olacağı artıq gözlənilmir. Bundan əvvəl həmin titulun slavyan qruplaşmaların lideri Yuri Piçuqinə veriləcəyi gözlənilirdi. Lakin Piçuqin özü də bu ilin fevralında həbs olunub.
Digər tərəfdən hazırda azadlıqda olan “vor zakon”ların heç biri hələlik “Şakro”nun tituluna iddia etmir, öz ambisiyalarını büruzə vermir. Lakin hesab edilir ki, bir neçə kriminal avtoritetin həbsxanadan çıxması vəziyyəti dəyişdirə bilər. Onlardan biri hazırda Azərbaycanda həbsdə olan Nadir Səlifov (“Lotu Quli”) uzunmüddətli cəzaya məhkum edilib. Cəzasının müddəti 2021-ci ildə bitir. Ancaq şaiyələrə görə “Lotu Quli” həbsdən daha tez çıxa bilər.
“Azərbaycanlı “vor”ların arasında Quli şəksiz-şübhəsiz bir nömrədir. Heç bir şübhə yeri yoxdur ki, o, azadlığa çıxandan sonra oğru dünyasında əksəriyyət “Lotu Quli”nin ətrafında birləşəcək”-Viktoriya Gefter deyir.
Redaktorun fikrincə, hazırda azadlıqda olan kriminal avtoritetlərdən “Şakro”nun yerinə ancaq bir adam iddia edə bilər-“Merab Suxumski” (Merab Canqveladze-Rövşən Canıyevin müttəfiqi olub). Apreldə İtaliyada onun barəsində çıxarılmış ev dustaqlığı başa çatır və gözlənilir ki, tezliklə Merab “böyük siyasətə” qayıdacaq...
Mənbə:> Virtualaz.org