Arda: "Onda daha xoşbəxt olacam" » AzNews.info -Xəbər portalı

Arda: "Onda daha xoşbəxt olacam"

Arda: "Onda daha xoşbəxt olacam"


Arda Turan tədricən Barsa futbolunun özəlliklərini öyrənməkdə və Luis Enrikenin komandada qoyduğu qayda-qanuna uyğunlaşmaqdadır. Onun komandada debütündən artıq iki ay ötür və bu qısa müddətdə Ardanın göstərdiyi nəticələr olduqca yüksəkdir. O, “Barselona”da qarşısına qoyduğu məqsədləri gizlətmir: titullar qazanmaq və birlikdə oynadığı futbol nəhənglərindən bacardığı qədər çox şey öyrənmək.

AzNews.info fcbaze.com-a istinadən Arda Turanın ispandilli "Mundodeportivo.com" saytına müsahibəsini təqdim edir:

- Artıq iki aydır ki, Barsadasınız, özünüzü necə hiss edirsiniz?

- Çox məmnunam, çox şadam ki, mən qalibiyyətə öyrəşmiş bir komadadayam və ümid edirəm ki, bu mövsümdə də biz 3 titul qazana biləcəyik, o halda mən daha çox xoşbəxt olacam.

- Debüt etməkdən əvvəl siz altı ay ərzində komanda ilə məşq etdiniz, bu müddətdən sonra özünüzü oyuna hazır hiss edirdinizmi və yaxud məşq etməklə Barsanın keçirdiyi oyunlarda iştirak etmək sizin üçün tamamilə fərqli bir şeydirmi?

- İlk növbədə qeyd etməliyəm ki, Barsa bir məktəbdir, bütün dünya bir cür futbol oynayır, Barsanın futbolu başqadır. Mən hər gün yeni bir şey öyrənir, komandanın oyununa uyğunlaşmağa çalışıram və bu mənim çox xoşuma gəlir. Mən Barsanın oyun tərzini qəbul etməli, onu öyrənməliyəm. İndi isə artıq özümü komandanın bir hissəsi olaraq görürəm.

- Barsanın oyun tərzi sizin düşündüyünüzdən daha da çətindirmi?

- Ümumiyyətlə, Barsa futbolu mənim oyun tərzimə uyğundur, ən əsası odur ki, hansı mövqedə oynadığımı özüm üçün tamamilə ayırd edim. Oyun zamanı topa uzun müddət yiyələnməkdənsə, mən nə zaman topu qəbul etməli olduğumu aydınlaşdırmalıyam.

- Bu, ilk növbədə oyunun gedişatını müəyyən mənada “oxumaq” bacarığından asılıdır, elə deyilmi?

- Elədir. Mənim üçün nümunə Andresdir, ondan çox şey öyrənirəm.

- Meydanda özünüzü hansı mövqedə daha rahat hiss edirisiniz?

- Bunun fərqi yoxdur.

- İndiyədək sizin daha çox sol cinahda çıxış etdiyinizin şahidi olmuşuq.

- Məndən sol tərəfdə Neymar, sağ tərəfdə isə Leo oynayır, bundan artıq nə deyə bilərəm ki! Yenidən başlamaq heç də asan deyil, fevral ayı bizim üçün çox çətin keçdi, hər üç gündən bir məşq edir, digər şəhərlərdə görüşlərimiz olduğu üçün çoxlu uçuşlar həyata keçirmişik, lakin mən bundan məmnunam. Bu komandanın bir üzvü olmaq məni çox xoşbəxt edir. Əminəm ki, doğru yerdəyəm, məhz bunu etməliyəm.

- Nə etməli olduğunuzu hiss edirsiniz?

- Burada mənim vəzifəm “Atletiko”da etməli olduğumdan çox fərqlənir, burada mən böyük üçlüyün (Messi-Neymar-Suarez) oyununu dəstəkləməli, onların nə etmək istədiklərini öncədən anlamalıyam. Onlardan savayı, Andres, İvan, Roberto, Serxio və digərləri də var... Statistikaya əsasən, biz çox da yüksək yerdə deyilik, çünkü adlarını çəkdiyim böyük üçlük birlikdə 100 qolun müəllifidir. Bu, Barsanın fəaliyyət göstərmək şəklidir, bu sistem belə işləyir.

- Bir növ şəxsi sual olsa da, “Atletiko”da aparıcı oyunçulardan biri olmaqdan Barsada sadəcə olaraq daha bir oyunçu statusuna keçməyiniz sizə bir qədər çətin gəlmədimi?

- Hər zaman dəyişmək lazımdır, bu komandada isə bütün oyunçular ulduzdurlar. Təbii ki, mən də oyunun gedişatını müəyyən edən aparıcı futbolçulardan biri olmaq istərdim, lakin əgər hazırda bunu səndən daha yaxşı edənlər varsa, topu onlara ötürməlisən, çünkü onlarla bu oyun daha asan keçir. Mən çox eqolu insan deyiləm, Luis Enrikenin mənə verdiyi tapşırıqları dəqiqliklə yerinə yetirməyə çalışıram və bundan qürur hissi duyuram. Əminəm ki, şərtlərdən asılı olaraq, gələcəkdə üzərimə daha çox məsuliyyət götürəcəyim oyunlar olacaq. Lakin bəzi hallarda sadəcə top ötürmək, müdafiə etmək lazımdır, digər hallarda isə daha aqressiv oyun göstərməyə ehtiyac var.

- Bu sizin üçün yeni bir şeydir, siz aqressiv futbol göstərməyə öyrəşmiş bir oyunçu deyilsiniz, doğrudurmu?

- Komandaya dəstək olmaq üçün mən çox şey öyrənməliyəm. Neymar və Messi ilə daha da çox fənd göstərmək lazımdır.

- Misal üçün, “Las Palmas”da sizin müdafiəyə öyrəncəli olmadığınız müşahidə olunurdu.

- Elədir, lakin mən komanda üçün mübarizə aparmalıyam. Həmin futbol meydanı bir qədər fərqli idi, gündüz saat üçdə orada görüş keçirmək heç də asan deyildi. Lakin biz üç xal qazana bildik, önəmli olan budur.

- Demək istədiyim odur ki, müdafiəçi üçün müdafiə etmək təbii haldır, lakin sizin kimi hücumçu üçün müdafiə heç də asan iş deyil.

- Başa düşürəm ki, bütün dünya məni digər qismdə futbol oynamağımı görməyə öyrəşib, lakin mənim üçün hazırda ən vacib amil odur ki, bu komandanın bir hissəsiyəm və bunun üçün mənə tapşırılan vəzifələri yerinə yetirməliyəm. Zaman keçdikcə öz oyunumu göstərə biləcəyəm, eyni ilə Neymarın Barsada ilk ilindən sonra etdiyi kimi.

- Bu o deməkdirmi ki, siz hələ də komandada öz yerinizi axtarmaqdasınız?

- Düşünürəm ki, oyun zamanı komandada eyni vaxtda bir neçə mövqedə oynaya bilmək mənim üçün müsbət haldır. Bu öz yerimi axtarmaqda olduğum demək deyil, sadəcə olaraq, mən hər gün yeni bir şey öyrənirəm. Burada mənim üçün hər şey yenidir.

- Haçansa oyundan çıxıb tribunadan oyunu izləmək istəyiniz olubmu?

- Mən hər zaman Barsanın oyununa heyran olduğumu qeyd edirəm. Hətta 2011-ci ildə Barsa “İnter”ə məğlub olduqdan sonra da mən bu fikirdə idim, oyundan həzz alan komanda heç nəyə baxmayaraq məhz Barsa idi.

- Dillər əzbəri olan bir ifadənizi yada salmaq istərdim. Demişdiniz ki, “Atletiko” komandasından ona görə ayrıldım ki, qaçmaqdan çox yorulmuşdum. Hazırda Barsada qaçmaqdan məmnunsunuzmu?

- Mən heç vaxt bu sözü deməmişəm. “Atletiko”da çıxış etdiyim zaman o komandanın qalib gəlməyi üçün qaçmalı idim və bundan məmnun idim. Mənim üçün hər zaman komandanın maraqları ilk növbədədir.

- Deyirsiniz ki, sizin üçün komandanın maraqları hər zaman ilk növbədədir. Müəllifi olduğunuz digər ifadəni də qeyd etmək istərdim: “Komanda yoldaşlarım mənim səviyyəmdə oynasaydılar, biz birinci ola bilərdik”. Bu ifadəni də siz işlətməmisiniz?

- Mən Barsadayam və hazırda digərlərinin nə dediyi məni maraqlandırmır.

- Lakin etiraf etməlisiniz ki, “Atletiko” sizin o komandada oynadığınız müddətdə qalib olsaydı, siz daha da xoşbəxt olardınız.

- Əlbəttə, elədir. Mənim orada çox yaxşı dostlarım var. O komandada keçirdiyim dörd il mənim üçün çox əzizdir. “Atletiko” mənim üçün bir ailədir.

- Fikrinizcə, “Madrid” komandasını La Liqadan kənarlaşdırmaq lazımdır?

- Bizim bir məqsədimiz var: La Liqada qalib olmaq! Biz öz işimizi görürük, digərləri barəsində fikirləşmirik.

- “Atletiko” sizin üçün təhlükəli rəqib ola bilər?

- Bəli, “Atletiko” ilə ehtiyyatlı olmalıyıq, çünkü bu komanda son ana qədər mübarizə aparacaq. “Atletiko” təslim olmayan bir komandadır. Lakin biz bütün titulları qazanmaq üçün çalışırıq, mən komandaya bacardığım qədər dəstək olmağa çalışıram.

- Çempionlar Liqasında yenidən oynamaq istərdinizmi? Bu turnirdə artıq Barsanın tərkibində çıxış etmək sizin üçün nə deməkdir?

- Bəli, Çempionlar Liqasında çıxış etmək xüsusi bir hissdir, bu oyunu səbirsizliklə gözləyirəm.

- Düşünürəm ki, eyni zamanda “Lisboa” ilə hesablaşmağın da vaxtı gəlib çatıb.

- Doğrudur, çox ağır bir məğlubiyyət idi, hətta karyeramın ən acı xatirələrindən biridir. Biz əlimizdən gələni etmişdik, bu səbəbdən də oyundan qalib gəlmiş kimi ayrıldıq. Əminəm ki, azarkeşlər də həmin gün çox məyus olmuşdular.

- Siz “Arsenal”ı turnirdən kənarlaşdıra bildiniz. ¼ finalda hansı rəqiblə qarşılaşmaq istərdiniz?

- Bəli, biz Arsenal üzərində qələbə qazandıq, hərçənd ki, rəqiblərimiz kifayət qədər yüksək səviyyəli komandalar idi. Lakin zənnimcə, əsas məsələ rəqibimizin kim olduğu deyil, bu amildən asılı olmayaraq, işimizi yaxşı görməyimizdir. Hazırda La Liqada tutduğumuz mövqe komanda üçün əlverişlidir, Kopa del Rey-də də biz artıq finaldayıq. İndi var gücümüzü Çempionlar Liqasına yönəltməliyik.

- Bir neçə dəfə təkrar etdiniz ki, komandanın əsas məqsədi hər üç titulu qazanmaqdır. Bəs bu baş verməsə necə?

- Biz çalışırıq mənfi şeyləri fikrimizdən çıxardaq. Qalibiyyətə yaxın olmaq bizi daha da ruhlandırır.

- Barsada bu günədək keçirdiyiniz müddətdə, komanda yoldaşları arasında diqqətinizi çəkən hansı məqamlar oldu?

- Məni heyrətləndirən odur ki, bu insanlar mümkün olan bütün titulları qazanıblar, lakin yenə də qələbə qazanmaq üçün həyəcanlıdırlar, daha da artıq qazanmaq üçün hazırlaşırlar.

- Bunun sirri sizcə nədədir?

- Bu oyunçular üçün uğur qazanmaq pul qazanmaqdan daha vacibdir. Dünyanın ən yaxşı oyunçuları olduqlarına baxmayaraq, onlar şəxşi maraqlarını bir kənara qoyub, komandanın mənafeyini qorumaq üçün səylərini birləşdirirlər. “Seviliya”ya qarşı keçirilən görüşdə Leonun (Lionel Messi) 50 metr arxaya qaçmağını bütün dünya gördü. Bu, inanılmaz idi.

- Siz bunu görəndə düşünməlisiniz ki, Leo bunu edirsə, mən də belə etməliyən”.

- Düşünürəm ki, Leo və Ney (Neymar. - Red.) qaçırlarsa, mən onlardan da artıq qaçmalıyam!

- Luis Enrikeyə münasibətiniz necədir?

- O, əla məşqçidir, hər zaman insanla üz-üzə danışır, çalışır hər şeyi başa salsın, anlatsın. O, taktiki cəhətdən çox güclüdür, lakin əsas cəhəti oyunçuları motivasiya etmək bacarığıdır.

- Barsanın məğlubiyyətsiz ard-arda 36 oyun keçirməyində baş məşqçinin də rolu əvəzolunmazdırz, elə deyilmi?

- Şübhəsiz ki, elədir. Çox xoşbəxtəm ki, komandada oynadığım müddətdə məğlubiyyətlə qarşılaşmamışam, ümid edirəm ki, bu, belə də davam edəcək. Qol vurub, 3 dəfə ötürmə etmişəm, lakin top da itirməmişəm. Bunlar olmasa da, əvəzində Barsa titulları qazansa, mənim üçün heç bir fərqi olmayacaq. Çünkü önəmli olan komandanın maraqlarıdır.

- “Ardaturanlıq” nədir?

- Mənim üçün futbol oynamaq xoşbəxt olmaq deməkdir, mən komanda üçün çalışıram, ailəm, dostlarım üçün çalışıram; mənim üçün həyat budur. Əgər oyun zamanı belə bir situasiya yaransa ki, Neymar da, mən də qol vura bilək, mən bunu Neymarın edə bilməyi üçün əlimdən gələni etməyə hazıram. Mən qolun vurulması üçün əmək göstərməkdən, qol vurmaqdan daha çox məmnuniyyət hissi duyuram. Fikrimdə, “ardaturanlıq” məhz budur.

- Cempionlar Liqasının finalında qol vurmaq imkanı yaransa belə, az öncə dediyiniz kimi hərəkət edərdiniz?

- (gülərək) Mən artıq çox vacib oyunlarda qol vurmuşam: “Porto”, “Bayern”, “Çelsi” ilə oyunlarda, niyə də bunu Çempionlar Liqasında etməyim?..

Mənbə: Fcbaze.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *