6 rus qızı Aya uçmağa belə hazırlaşır...
6 rus qadını oktyabrın 28-də kosmik gəminin maketinə minərək Aya... uçmasalar da Aya səfər zamanı hərəkətlərin koordinasiyası istiqamətində unikal təcrübəni sınaqdan keçirməyə başlayıblar.
8 gün ərzində həmin könüllülər Rusiya Elmlər Akademiyasının Tibbi-bioloji Problemlər İnstitutunda ağac-panel konstruksiyalı otaqlarda qalacaqlar. Bu institut kosmik uçuş sahəsində qeyri-adi fiziki və psixoloji eksperimentləri ilə məşhurdur.
İnstitut 2010-cu ildə Marsa uçuşu imitasiya etmək üçün beynəlxalq heyətdən ibarət 6 könüllü kişini 520 gün izolyasiyada saxlamışdı.
Eksperimentin rəhbəri Sergei Ponomaryov deyir ki, bu cür eksperimentdə qadınlardan ibarət heyət birinci dəfədir iştirak edir. Onun sözlərinə görə, qadın heyətin uzaq yolda münasibəti, davranışı maraqlıdır.
“Bu, xüsusilə psixoloji baxımından maraqlı eksperiment olacaq” - bunu isə institutun direktoru İqor Uşakov deyir.
“Bir mətbəxdə iki qadının çətin yola getməsinə baxmayaraq mən onlara mübahisələrinin olmamasını arzulayıram” - deyə o, əlavə edir.
Könüllülər arasında elmi araşdırmaçılar, həkim və psixoloq da var.
İmitasiya 10 eksperiment vasitəsilə həyata keçiriləcək. Eksperimentdə institutun 22-34 yaş arasında qadın əməkdaşları iştirak edir.
Test müddətində - Ay planetinə və geriyə uçuş zamanı qadın psixologiyası və biologiyası tədqiq ediləcək. Layihə rəhbərləri bu cür səfərdə qadın orqanizmində hansı fizioloji dəyişikliklərin baş verdiyini öyrənməkdə maraqlıdırlar. Eləcə də ətraf mühitdən təcrid zamanı qadın kollektivindəki psixoloji münasibətlərin xüsusiyyətlərini də araşdırmaq fikrindədirlər.
İlk dəfə qadını kosmosa Rusiya göndərib. 1963-cü ildə Valentina Tereşkova kosmik fəzaya uçub. Amma sonralar bu sahədə geriləmələr olub. Keçən il 4-cü qadın kosmonavt - Yelena Serova kosmosa göndərilib.
Serova medianın hər şeylə maraqlanmasından şikayətlənirdi. Məsələn, jurnalistlər maraqlanırdılar ki, Serova kosmosda saçlarını necə yuyacaq. Adətən kişi kosmonavtların belə çətinlikləri olmur.
Sergei Ponomaryov axırıncı eksperimentə bu yolda itirilmişlərin qaytarılması kimi baxır.
“Beynəlxalq Kosmik Stansiyada heç vaxt yalnız qadınlardan ibarət ekipaj olmayıb. Biz hesab edirik ki, fəzanın gələcəyi kişilərə və qadınlara eyni dərəcədə məxsusdur. Təəssüf ki, son vaxtlar biz bu sahədə geridə qalmışıq, yəni kosmosda qadınlarımız çox olmayıb” - deyir Ponomaryov.
Mətbuat konfransında bu qadınların kişilərsiz və makiyajsız necə keçinəcəkləri barədə bəzi suallar da verilib. İştirakçılardan biri - Darya Komissarova “biz makiyajsız da çox gözəlik” deyib.
Onun həmkarı Anna Kussmaul isə belə cavab verib: “Biz iş başındayıq. İşləyərkən nə kişilər, nə də qadınlar barədə fikirləşirsən”.
Kosmik stansiyada qadınlar çimə də bilməyəcəklər, onlar ancaq nəm salfetlərdən istifadə edəcəklər.
Könüllülər gün ərzində asudə vaxtlarının 1 saatını filmləri seyr etməyə, qiraətə və stolüstü oyunlara ayırmaq fikrindədirlər.
Komandanın lideri Yelena Luçitskaya qadınların bütün mümkün konfliktlərin öhdəsindən gələcəyinə inandığını deyir.
“Mən əminəm ki, bunun üçün bizim lazımi təhsilimiz, şəxsi keyfiyyətlərimiz və nəhayət, tərbiyəmiz var. Elə bir uzaq məkanda bizi nəyinsə parçalaya biləcəyini təsəvvür etmirəm” - Luçitskaya əlavə edir.
Mənbə:> Virtualaz.org