Samir Sadıxovun növbəti uğuru – FOTO
Azərbaycanlı dizayner Samir Sadıxov Red Dot Design Award-ın 4680 layihəsi sırasında “Luminary” və “Best of the Best” mükafatlarına layiq görülüb.
Oxu.Az xəbər verir ki, istedadlı həmvətənimiz öz komandası ilə şinlərin dizaynına görə mükafat alıb.
Xatırladaq ki, Samir Sadıxov ilk növbədə 2011-ci ildə Ferrari World Design Contest dizayn müsabiqəsində ikinci yeri tutan Ferrari Xezri Competizione Edition layihəsi ilə məşhur oldu.
Bundan başqa, o, Cadillac C-Ville və XTS konseptlərini layihələşdirib. Eləcə də Rezvani Beast (“Heyvan”) markalı avtomobil də azərbaycanlı dizayner tərəfindən layihələşdirilib, həmin avtomobil Hankook Tyre Design Challenge 2014 müsabiqəsinin qalibi olub.
Qeyd edək ki, Red Dot Design Award yer kürəsinin dizayn Mərkəzi olan Essene (Almaniya) şəhərində yerləşən Şimali Reyn-Vestfaliya İnstitutu (alm. Design Zentrum Nordhein Westfalen) tərəfindən təqdim edilən dizayn sahəsində nüfuzlu mükafatdır.
Mükafat dizaynerlərə və istehsalçı şirkətlərə üstün keyfiyyət və geniş istifadə mallarının dizaynında xüsusi nailiyyətlərə görə təqdim edilir. Mükafatlanmış işlər, Essendə Red Dot dizayn muzeyində sərgilənir. Bu muzey müasir dizaynın nailiyyətlərinin nəhəng toplusudur.
Mənbə:> Oxu.Az