Alimlər: İnsanın rəng duyumu mövsümdən asılı olaraq dəyişir
Göy, yaşıl, sarı və qırmızı rənglərin qarışığından istənilən rəngi əldə etmək olar. Böyük Britaniyanın York Universitetinin alimləri iyun və yanvar aylarında 67 könüllünü testdən keçirərək müəyyən ediblər ki, insanın gözləri bəzi rəngləri müxtəlif cür qavrayır. Məsələn, bahar və yay ilə müqayisədə payız və qışda sarı tonlar bizə daha parlaq görünür.
AzNews.info AzərTAc-a istinadla xəbər verir ki, bu məlumatlar “Current Biology” jurnalında dərc olunub.
Tədqiqatçılar könüllüləri qaranlıq otağa salaraq, qaranlığa öyrəşmələri üçün onlara vaxt veriblər. Sonra xalis sarı rəng görənə qədər rəngdəyişən kolorimetr işə salınıb. Yayda könüllülərin böyük əksəriyyəti yaşılımtıl sarı rəng görüblər. Qışda qırmızı qatışığı olan sarı rəngi xalis sarı rəng hesab ediblər.
York Universitetinin mütəxəssisi Loren Uelbornun fikrincə, fəsil dəyişən zaman görmə qabiliyyətimiz ətraf mühitdə baş verən dəyişikliklərə öyrəşir. Bu, gözün tor qişasının ilin isti aylarında çoxlu yaşıllığa alışması səbəbindən baş verir.
Mənbə:> AzərTAc