“Silk Way”in təyyarəsi mühərrikdə yanğına görə Honkonqa təcili eniş etdi
Azərbaycanın özəl “Silk Way Airlines” aviaşirkətinə məxsus “Boeing-747” yük təyyarəsi mühərriklərinin birində başlamış yanğına görə Honkonq beynəlxalq aeroportunda təcili eniş edib.
Virtualaz.org saytı xəbər verir ki, incident iyulun 15-də səhər saatlarında baş verib. 7L888 reysi ilə uçan yük təyyarəsi səhər saat 6 radələrində Honkonq beynəlxalq aerportundan havaya qalxıb. Lakin uçuşun başlamasından 1 dəqiqə donra təyyarənin dörd mühərrikindən birində yanğın başlayıb. Ekipaj yerli vaxtla saat 6.16-da təyyarəni aerporta geri qaytarıb və məcburi eniş edib.
Yanğın barədə xəbərdarlıqdan sonra 14 yanğınsöndürən maşın və təcili tibbi yardım maşınları hazırlıq vəziyyətinə gətirilib, yanğınsöndürənlər təyyarə dayanacağa çəkilənə qədər onu müşayiət edib. Yanğın qısa müddət sonra söndürülüb.
Təyyarənin 16 ildir istismarda olduğu bildirilir. Honkonqun yanğınsöndürmə Departamenti insidenti təsdiqləyib, bildirilib ki, yanğın təyyarənin göyərtəsindəki yükə təhlükə yaratmayıb.
Honkonq aeroportunun mətbuat xidməti insidentin uçuşlarda ləngiməyə səbəb olmadığını bildirib. Honkonqun Mülki Aviasiya Departamenti də insidenti təsdiq edib.
“Yoxlama zamanı müəyyən olunub ki, təyyarənin 3 nömrəli mühərriki sıradan çıxıb və onu dəyişdirmək lazımdır. Operator bu barədə təyyarənin qeydiyyatda olduğu dövlətin hakimiyyətinə məlumat verib”- deyə departament bildirib.
Mənbə:> Virtualaz.org