Yanğın hadisəsi ilə bağlı 3 maddə üzrə cinayət işi başlandı
Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri Prezidentinin nəzarətindədir
Azadlıq prospektində baş vermiş yanğın hadisəsi ilə bağlı cinayət işi başlanın. Bizimyol.info xəbər verir ki, fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, 308.2-ci - vəzifə səlahiyyətlərindən sui-istifadə və 314.2-ci - ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanılmış, eləcə də Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır. Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri Azərbaycan Respublikası Prezidentinin nəzarətindədir.
Araşdırmaların gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Qeyd edək ki, 2015-ci il mayın 19-da, saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş vermişdir. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb edilmişlər. Hadisə yerinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının və paytaxtın polis orqanlarının əməkdaşları tərəfindən təmin edilmişdir.
Operativ surətdə həyata keçirilmiş tədbirlərlə binanın 27 sakini təxliyə olunmuş, 37 nəfər xilas edilmişdir. Təxminən saat 14 radələrində yanğın lokallaşdırılmış, yaxınlıqdakı binalar yanğından mühafizə olunmuşdur. Bununla belə, ilkin ehtimallara görə binanın fasadından başlayan və qısa müddətdə böyük bir hissəsini əhatə edən yanğın nəticəsində 15 nəfər həlak olmuş, 26 nəfər isə yanıq xəsarəti və tüstüdən zəhərlənmə ilə müxtəlif tibb müəssisələrinə yerləşdirilmişdir.
Hazırda binada xilasetmə tədbirləri və mənzillərin müayinəsi davam etdirilir.
Fövqəladə Hallar Nazirliyinin rəhbər vəzifəli şəxsləri, respublikanın Baş prokuroru və daxili işlər naziri hadisə yerinə çıxmışlar.
Mənbə:> Bizimyol.info