Bakıda sərnişin avtobusu neft qatarının altına girdi – VİDEO
Hadisə yerindən əməkdaşlarımız xəbər verir ki, qəzada xəsarət alan azyaşlılar 149 saylı orta məktəbin şagirdləridir.
* * *16:51
Virtualaz.org-un əməkdaşları hadisə yerindən xəbər verirlər ki, polis əməkdaşları hazırda qəzanın baş verdiyi əraziyə heç kimi buraxmırlar.
Yerli sakinlərin sözlərinə görə, ölənlərin sayı daha çoxdur. Hətta 8, yaxud 10 nəfərin həlak olduğu deyilir. Rəsmi məlumata əsasən, qəza nəticəsində bir nəfər ölüb.
Sakinlər həmçinin əlavə ediblər ki, avtobusun sürücüsü gəncdir və bu onun törətdiyi ikinci qəza hadisəsidir. Ümumiyyətlə, Binə camaatı 160 saylı avtobusun fəaliyyətindən narazılıqlarını ifadə ediblər. Onların sözlərinə görə, sürücülər sürət həddini gözləmir, adi təhlükəsizlik qaydalarına riayət etmirlər.
* * *16:45
Bakıda sərnişin avtobusunun qatarla toqquşması ilə bağlı cinayət işi başlanıb.
Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Belə ki, faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Nəqliyyat İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.
* * *16:14
Bakının Xəzər rayonu, Binə qəsəbəsində 160 saylı avtobusun qatarla toqquşması nəticəsində xəsarət alanların sayı 27 nəfərə çatıb.
Bu barədə virtualaz.org-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.
Xəsarət alanlar arasında 5, 6, 10, 12 və 16 yaşlı beş azyaşlı var.
Onun sözlərinə görə, hadisə nəticəsində dünyasını dəyişən 13 yaşlı oğlandır.
Mənbə:> Virtualaz.org