Masazırda maşın elektrik dirəyinə çırpıldı
Abşeron rayonunun Masazır qəsəbəsində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report" bildirir ki, 1988-ci il təvəllüdlü Hüseynov İdris Elxan oğlu idarə etdiyi "10-MF-363" dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobil ilə Zəngilan şəhərciyinə gedən yolda hərəkətdə olarkən qarşısına yolun bir hissəsində təmir tikinti işlərinin aparıldığı sahə çıxıb.
Bu zaman sürücü dərhal əyləci sıxıb, lakin asfalt qatının üzərinə tökülmüş çınqıl daşları maşının sürüşməsinə səbəb olub. Nəticədə BMW yol kənarındakı işıq dirəyinə çırpılıb və naqillərdə yaranan qısa qapanma şəhərciyi müvəqqəti olaraq işıqsız qoyub.
Sürücü ağır bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisə şahidlərinin sayta verdiyi məlumata görə, yolun qaranlıq hissəsində aparılan təmir-tikinti işləri zaman heç bir yol nişanı qoyulmayıb. Sakinlər baş verən hadisədən sonra əraziyə sürət həddini aşağı göstərən yol nişanını həmin əraziyə yerləşdiriblər.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır. Avtomobil deformasiyaya uğradığından cərimə meydançasına aparılıb.
Mənbə:> Report