Məkkədə 39 zəvvar dünyasını dəyişib
Bu il Həcc ziyarətinin başlanğıcından Məkkədə ərəb ölkələrindən olan 39 zəvvar ölüb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Okaz" qəzetində dərc edilmiş statistik məlumatlarda bildirilir.
Qəzetin Səudiyyə Ərəbistanının Baş Statistik Bürosuna istinadən məlumatına görə, dünyasını dəyişən ən çox zəvvarlar arasında Misir və Əlcəzair sakinləri üstünlük təşkil edir. Büro bildirib ki, ölənlərin hamısı qoca yaşlarındadır və təbii səbəblərə görə — xroniki xəstəliklərin kəskinləşməsinə görə dünyalarını dəyişiblər.
Krallığın Səhiyyə Nazirliyi xroniki xəstəliklərin olduğu halda müsəlmanlara Həcc ziyarətindən çəkinmək zəruriliyini xatırladıb.
Məkkədəki Mina vadi xəstəxanası qəzetə tibbi yardıma görə 2,2 min müraciətin daxil olduğunu bildirib. Pasiyentlər əsasən günvurmalardan, ürək xəstəliklərindən və diabetdən şikayət ediblər. Xəstəxanaya həm də rekord həddə çatmış istiyə dözə bilməyən azyaşlı uşaqlar da gətiriliblər.
Qeyd edək ki, Məkkədə Həcc ziyarəti xəstələrinə kömək göstərmək üçün bir neçə mobil klinika fəaliyyət göstərir.
Mənbə:> Oxu.Az