Maşın 23 yaşlı oğlanı vurub öldürdü
Paytaxtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində, Nobel prospektində baş verib. Piyada keçidinin olmadığı ərazidə yolu keçən gənci “Mercedes” markalı avtomobil vurub.
Zərbənin gücündən piyada yan tərəfdə hərəkət edən digər “Mercedes”in ön şüşəsinə çırpılıb və nəticədə dünyasını dəyişib.
Hadisə yerinə Xətai Rayon Polis İdarəsi və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları cəlb olunub. Məlum olub ki, dünyasını dəyişən piyada Tovuz rayon sakini, 1994-cü il təvəllüdlü Mahmudzadə Elsevər Nazim oğludur. 23 yaşlı gənc Tovuzdan Bakıya gəlib və tikintilərdən birində fəhləliklə məşğul olub. Elsevər Mahmudzadə Nobel prospektində qohumları ilə birlikdə kirayədə yaşayırmış. Yol qəzası E.Mahmudzadə martın 8-i saat 21 radələrində işdən çıxıb evə gedərkən baş verib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Mənbə:> APA