Bakıda qadın sürücü qəza törətdi
Bakıda qadın sürücü ağır yol qəzasına səbəb olub, iki nəfər xəsarət alıb.
AzNews.info APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində Afiyəddin Cəlilov və Fəzail Bayramov küçələrinin kəsişməsində baş verib.
Svetlana Məmmədova idarə etdiyi “Toyota” markalı avtomobillə Fəzail Bayramov küçəsi ilə hərəkətdə olarkən məcburi hərəkət nişanının tələbini pozub və Afiyəddin Cəlilov küçəsində sağa dönmək əvəzinə, düzünə hərəkət edib. Bu vaxt Pərviz Həmzəyevin idarə etdiyi və Afiyəddin Cəlilov küçəsi ilə “Cavanşir körpüsü”nə doğru hərəkətdə olan “Mercedes” markalı avtomobil “Toyota”ya çırpılıb. Zərbənin gücündən “Toyota” yoldan çıxıb, Afiyəddin Cəlilov və Fəzail Bayramov küçələrinin kəsişməsindəki reklam dirəyinə dəyib.
Hadisə nəticəsində “Toyota”nın sürücüsü Svetlana Məmmədova xəsarət alıb və sükan arxasında köməksiz qalıb. Yaralı sürücünü avtomobildən hadisə şahidləri çıxarıblar. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası müxtəlif dərəcəli xəsarətlər alan qadın sürücünü 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparıblar.
“Mercedes”in sürücüsü Pərviz Həmzəyev isə yüngül xəsarət alıb. Təcili tibbi yardım briqadası ona əvvəlcə hadisə yerində ilkin yardım göstərib, daha sonra xəstəxanaya aparıb.
Xətai Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində müayinələr aparıblar. İlkin ehtimala görə, qəzaya “Toyota”nın sürücüsü səbəb olub.
Mənbə:> APA