Samuxda ev partlayıb: Ana və azyaşlı qızları ağır yanıq xəsarətləri alıblar
Samuxda yaşayış evində güclü partlayış baş verib.
AzNews.info APA-ya istinadən xəbər verir ki, hadisə fevralın 1-də səhər saat 6 radələrində rayonun Qarayeri qəsəbəsində Rübabə Əliyevaya məxsus həyət evinin qış üçün nəzərdə tutulan köməkçi otağında baş verib.
Partlayış nəticəsində evin gəlini, 1986-cı il təvəllüdlü Ramilə Əliyeva, onun 7 və 5 yaşlı qızları Sona və Gülay yanıq xəsarətləri alıblar.
Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən R. Əliyeva vəziyyəti ağır olduğundan Bakıda ixtisaslaşmış xəstəxanaların birinə göndərilib.
Uşaqlar isə Gəncədə 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib. Həkimlər uşaqların vəziyyətlərinin orta ağır olduğunu bildirirlər.
Partlayış nəticəsində evin divarları dağılıb, otaqda olan əşyaların bir hissəsi yanaraq yararsız hala düşüb.
Hadisənin baş vermə səbəbləri müəyyənləşdirilir.
Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.
Mənbə:> APA