Bakıdakı məktəbdə zərdüştlük dini təbliğ olunub – VİDEO
Vətənpərvərlik ruhunda tədbir keçirmək adı ilə məktəbdə qeyri-ənənəvi dinin təbliğatı aparılıb.
Oxu.Az xəbər verir ki, valideynlərin şikayətindən sonra “Xəzər Xəbər” hadisənin təfərrüatlarını araşdırıb.
Zərdüştlük dinini təbliğ edən və “Asif Ata” ocağı kimi tanınan təşkilatın nəşr etdiyi qəzet paytaxtın Binəqədi rayonunda Biləcəri qəsəbəsində 297 saylı məktəbdə şagirdlərə paylanıb.
Təhsil ocağının kollektivinin iştirakı ilə keçirilən tədbir zamanı şagirdlərə “Asif Ata” ocağının prinsipləri, fərdi baxışları məktəblilərə ideal yol kimi təqdim edilib.
Qəzetdə yer alan məlumatlar nəinki şagirdlərin, hətta yetkin insanların belə fikirlərini çox asanlıqla qarışdıra, hansısa istiqamətə yönləndirə bilər. Bəs maraqlıdır görəsən atəşpərəstliyi təbliğ edən bir tədbir 297 saylı məktəbdə necə keçirilib?
Məktəb rəhbərliyi əvvəl belə bir tədbirin keçirilmədiyini bildirib. Lakin sonradan məktəbə yenicə təyin olunan direktor Nailə Cəfərova etiraf edib ki, ayın 6-da ona bir təşkilat məktəbdə vətənpərvərlik ruhunda tədbir keçirməklə bağlı müraciət edib. Direktor da bu təklifin şagirdlərin faydasına olduğunu düşünürək qəbul edib.
Məktəbin direktoru deyir ki, hadisədən xəbər tutan kimi dərhal qəzetləri şagirdlərdən toplayıblar.
Qeyd edək ki , bu cür fəaliyyət qanunverciliklə birmənalı şəkildə qadağan olunur.
Mənbə:> Oxu.Az