Nemtsovun qatili Putinə məktub yazdı: “Məni İŞİD-lə döyüşə göndərin!”
Rusiyanın müxalif siyasətçisi Boris Nemtsovun qətlində ittiham edilən Zaur Dadayev prezident Vladimir Putinə məktub yazıb.
Virtualaz.org-un “Moskva” şəhər xəbərləri agentliyinə istinadən məlumatına görə, Zaur Dadayev Çeçenistan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının “Şimal” batalyonun komandir müavini kimi Şimali Qafqazda mücahidlərə qarşı döyüş əməliyyatlarında iştirak etdiyini, bir sıra orden və medallarla təltif olunduğunu xatırladaraq “İslam dövləti” terror qruplaşması (İŞİD) ilə vuruşmaq istədiyini bildirib və dövlət başçısından onu Suriyaya göndərməsini xahiş edib: “Mən Sizdən öz günahsızlığımı sübut etmək imkanı verməyinizi xahiş edirəm. Mən Rusiya üçün, vətən üçün həlak olmağa hazır olduğunu sübut etmək istəyirəm”.
Qeyd edək ki, Nemtsov fevralın 27-də axşam saatlarında Kreml yaxınlığında, Moskva çayı körpüsünün üzərində qətlə yetirilib. Martın 8-də Moskvanın Basman rayon məhkəməsi Boris Nemtsovun qətlində şübhəli bilinən beş nəfərin həbs olunması barədə qərar çıxarıb.
Cinayət işində əsas fiqur Zaur Dadayev hesab olunur.
Mənbə:> Virtualaz.org