TQDK magistraturaya qəbul olmuş bakalavrlara müraciət etdi
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası magistraturaya qəbul olmuş bakalavrlara müraciət edib.
Oxu.Az TQDK-nın səhifəsinə istinadən xəbər verir ki, Azərbaycanın regionlarında yerləşən ali təhsil müəssisələrində yekun dövlət attestasiyası iyun ayında keçirildiyinə görə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olan bakalavrların qeydiyyat müddəti dəyişdirilib.
Həmin bakalavrların qeydiyyatı 2015-ci il iyun ayının 29-dan iyul ayının 10-dək (şənbə və bazar günləri istisna olmaqla) aparılacaqdır. Bakalavrlar göstərilən müddətdə tələb olunan sənədləri təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.
Boş qalan plan yerlərinin elan olunması və həmin yerlərə müsabiqənin keçirilməsi avqust ayında nəzərdə tutulur.
Mənbə:> Oxu.Az