II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib – YENİLƏNİB
Dünən Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
DİM-dən virtualaz.org-a verilən məlumata görə, imtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 66 binada aparılıb.
Mayın 14-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 3-4 gün ərzində elan edilməsi nəzərdə tutulur.
* * *10:59
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.
DİM-dən virtualaz.org-a verilən məlumata görə, imtahan 11 şəhərdə - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 66 binada aparılır.
İmtahanda 36 559 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 17 253 abituriyent II qrup üzrə, 19 306 abituriyent isə III qrup üzrə imtahan verir.
Abituriyentlərdən 33 462 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 15599, III qrup üzrə 17863 nəfər), 3097 nəfəri isə rus bölməsinin (II qrup üzrə 1654, III qrup üzrə 1443 nəfər) məzunudur. Abituriyentlərin 16194 nəfəri oğlanlar (II qrup üzrə 10974 nəfər, III qrup üzrə 5220 nəfər), 20365 nəfəri isə qızlardır (II qrup üzrə 6279 nəfər, III qrup üzrə 14086 nəfər). 28318 nəfər cari ilin orta ümumtəhsil müəssisələrinin, 8241 nəfər əvvəlki illərin məzunlarıdır (bura ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 93 nəfər ali təhsil müəssisələrinin, 1452 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 196 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1960-cı ildən, ən gənci isə 2003-cü ildəndir.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.
Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.
Mənbə:> Virtualaz.org