Azərbaycanda ali məktəblərə ilk qəbul imtahanı keçirilir
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 2017/2018-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.
Mərkəzdən Oxu.Az-a verilən məlumata görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində, ümumilikdə 66 binada aparılır. İmtahanların idarə olunmasına 237 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2637 nəzarətçi-müəllim cəlb olunub.
İmtahanda 35433 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 18681 abituriyent II qrup üzrə, 16752 abituriyent III qrup üzrə imtahan verəcək.
Abituriyentlərdən 32089 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 16612, III qrup üzrə 15477 nəfər), 3344 nəfəri isə rus bölməsinin (II qrup üzrə 2069, III qrup üzrə 1275 nəfər) məzunudur. Abituriyentlərin 16233 nəfəri oğlanlar (II qrup üzrə 11687 nəfər, III qrup üzrə 4546 nəfər), 19200 nəfəri isə qızlardır (II qrup üzrə 6994 nəfər, III qrup üzrə 12206 nəfər). 26778 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 8655 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 49 nəfər ali təhsil müəssisələrinin, 1342 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 177 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1961-ci ildən, ən gənci isə 2002-ci ildəndir.
Bakı şəhərində 15617, Naxçıvanda 1618, Gəncədə 3746, Sumqayıtda 1678, Mingəçevirdə 1471, Şəkidə 2064, Bərdədə 2313, Göyçayda 1401, Şirvanda 1697, Lənkəranda 2376, Xaçmazda isə 1452 abituriyentin imtahan verəcəyi gözlənilir.
İmtahan 3 saat davam edəcək. İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda, DİM-in internet saytında və Facebook səhifəsində yerləşdiriləcək.
Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.
Mənbə:> Oxu.Az