İlham Əliyev 5 rayonda modul tipli məktəblərin quraşdırılmasına pul ayırdı
Azərbaycan Prezidenti İlham Əliyev Biləsuvar, Beyləqan, İmişli, Neftçala və Saatlı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.
Virtualaz.org-un məlumatına görə, sənəddə bildirilir ki, Biləsuvar, Beyləqan, İmişli, Neftçala və Saatlı rayonlarında cəmi 824 şagird yerlik modul tipli 12 məktəbin quraşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 4 172 000 manat ayrılıb.
Sərəncama əsasən, Biləsuvarın Muğankənd, Neftçalanın Mirzəqurbanlı, Qaraqaşlı, Aşağı Surra, Xoltəzəkənd, Xolqaraqaşlı, Qazaxbərəsi, Pirəbbə, İmişlinin Muradxanlı, Beyləqanın Əhmədli və Gödəklər kənd məktəbləri, həmçinin Saatlı şəhər 1 nömrəli ümumi orta məktəb üçün modul tipli binalar quraşdırılacaq.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Mənbə:> Virtualaz.org