Xəyyam Mirzəzadə: Yazıçılar Birliyi də, Bəstəkarlar İttifaqı da mahiyyətini itirib » AzNews.info -Xəbər portalı

Xəyyam Mirzəzadə: Yazıçılar Birliyi də, Bəstəkarlar İttifaqı da mahiyyətini itirib – FOTO

Xəyyam Mirzəzadə: Yazıçılar Birliyi də, Bəstəkarlar İttifaqı da mahiyyətini itirib

AzNews.info Azərbaycanın xalq artisti, bəstəkar Xəyyam Mirzəzadənin APA-ya müsahibəsini təqdim edir:

- Maestro, gününüz necə keçir? 80-dən sonra həyat adamı incitmir ki?

- Günüm belə keçir də: evdən kənara çıxmıram. Televizora baxıram, qəzetləri oxuyuram, hərdən alət arxasında çalışıram. Yoldaşlarım, dostlarım gəlir, tələbələrim baş çəkir. Heç vaxt heç kimə demərəm ki, halım xarabdır, acından ölürəm. Dostun vecinə deyil, düşmənsə sevinir. İnsanı arzuları saxlayır. Bir də iş. Mən daxili sevincimi heç nəyə dəyişmərəm. Ətrafımda olan adamlarla həmişə fəxr etmişəm. Övladlarıma, dostlarıma, qohumlarıma baxıb həmişə fərəhlənmişəm. Mənim işlədiyim yeganə yer Konservatoriya olub. İndi akademiya deyirlər. Amma onun əsl adı elə konservatoriyadır. Çünki akademiya və konservatoriya ayrı-ayrı şeylərdir. Adı dəyişdirməyin mənası yoxdur. Adı dəyişdirməkdənsə, keyfiyyəti dəyişdirmək lazımdır.

Xəyyam Mirzəzadə: Yazıçılar Birliyi də, Bəstəkarlar İttifaqı da mahiyyətini itirib


- Mənə elə gəlir, siz sənətinizdən daha çox, övladlarınızla fəxr etmisiniz...

- Yox, yox. Yazdığım əsərlər elə mənim övladlarımdır də. Bir dəfə Üzeyir bəyin hansısa əsərini düzgün çalmayıblar, dirijora “axı bu əsər mənim övladımdır, onu niyə bu günə qoyursunuz?”, deyib. Bu baxımdan musiqi elə adamın övladıdır. Biz Üzeyir bəyə həmişə heykəl kimi, məktəb kimi baxmışıq. İndi çox adam istəyir özünü ona oxşatsın. Hətta deyirlər, biz ondan da qüvvətliyik.

- Konservatoriyanın adının dəyişdirilməyi hansı ehtiyacdan yarandı?

- Bilmirəm. Mən 8 il orda işləmirəm. Bu barədə fikir etmirəm.

- Səhhətiniz pedaqoji fəaliyyətlə məşğul olmağa imkan verir?

- Nə olub mənim səhhətimə? Bircə ayaqlarım pis gedir, o da asan məsələdir. Nə qədər ki, maşın, araba var, adam gedib-gələ bilər.

Xəyyam Mirzəzadə: Yazıçılar Birliyi də, Bəstəkarlar İttifaqı da mahiyyətini itirib


- İçərişəhərdə doğulmusunuz. Amma deyəsən, bir az tez çıxmısınız oradan...

- 30 yaşımdan orda yaşamıram. Amma İçərişəhəri həmişə sevmişəm. İçərişəhərin bəzi yerlərində saatlarla oluram. Məsələn, Ağa Mikayıl hamamında. (Gülür). İndi İçərişəhər tamam dəyişib. Naxçıvandan, İrəvandan, Cəlilabaddan, Qarabağdan gəliblər. Vaxtilə İçərişəhərin ancaq yerli sakinləri vardı.

Ailəmiz böyüyəndən sonra dövlət mənə ev verdi, köçdüm həmin evə. Ondan sonra Bəstəkarlar İttifaqının keçmiş Hüsü Hacıyev küçəsində olan binasında yaşadım. O yaxşı ev idi, 30 il yaşadım. Rəhmətlik Heydər Əliyev mənə ev verdi, onu da bağışladım oğluma. İndiki prezidentimiz də bu evi mənə verdi. Sənətkar üçün bundan yaxşı nə ola bilər?

- Sizə diqqət həmişə yaxşı olub...

- Bilirsiniz niyə? Mən yalan danışmamışam, oğurluq etməmişəm, rüşvətin nə olduğunu bilməmişəm. Mənim davam ancaq yaxşı əsər üstündə olub. Üç həftə əvvəl Parisdə əsərim ifa edilib. Başqa bir şəhərdə 1961-ci ildə yazdığım kvartetim çalınıb. İki həftə əvvəl yeni simfoniya bitirmişəm. Həmişə işlə məşğul olmuşam. Çıxış etməkdən, yuxarı başda oturmaqdan, rəhbərlərin yanında sülənməkdən xoşum gəlmir. Nəyimə lazımdır? Bunun axırı onsuz da yoxdur. Konservatoriyada işləyəndə ərizə yazdım ki, noyabrın 1-dən işə çıxmayacağam. Ərizəni alan dedi, rektorla danışmısınız? Dedim, rektorla danışmaq nəyimə lazımdır?

Xəyyam Mirzəzadə: Yazıçılar Birliyi də, Bəstəkarlar İttifaqı da mahiyyətini itirib


- Rektor kim idi?

- Fərhad Bədəlbəyli. İndi deyirlər ki, gəlsə, götürərik. Bəs o vaxt heç olmasa konsultant saxlayardınız. Bu adamlar öz keflərindədir. Musiqi təhsili çox pis haldadır. Xüsusən, özəl radio və televiziyalar mədəniyyətimizi dəfələrlə geri salıb. Televiziyalarda baxdığınız yas verilişləri biabırçılıqdır. Bu ağlayır, o ağlayır, o uşaq axtarır, bu oğul axtarır. Olmaz belə şeylər. Mən xarici kanallara baxıram, belə şey yoxdur. Yaxud kim istəyir, əlinə qələm götürüb musiqi yazır. Kimin atası böyük vəzifədə işləyir, kinoya musiqi yazır, televiziyada əsərləri səslənir. Onlar əsər deyil axı. Onlar başqa əsərlərin surətidir. Özü də yalandan deyirlər ki, mən Tofiq Quliyevin sonuncu tələbəsiyəm. Ay balam, Tofiq Quliyevin heç birinci tələbəsi olmayıb. Tofiq Quliyev konservatoriyada bir saat dərs deməyib. Bir dənə tədris jurnalı göstərin ki, bu, Tofiq Quliyevin jurnalıdır. Mən bu tarixi yaxşı bilirəm. Çünki 18 il bəstəkarlıq kafedrasının müdiri olmuşam. Bəsdir də, nə vaxta qədər belə olacaq?

- Deyirsiniz ki, musiqi təhsilində problem var, amma özünüz də dərs deməkdən imtina etmisiniz. Bunu necə anlayaq?

- Əzizim, mən nə qədər dərs deyə bilərəm? 55 il dərs demişəm də, bəs mən adam deyiləm? Dərsdə o qədər yorulurdum ki, evə gələndə sıxılmış limon kimi olurdum. Mənim tələbələrim dünyanın dörd bir tərəfində çalışırlar. İranda, Türkiyədə, İraqda, Suriyada, Amerikada, Rusiyada, Vyetnamda tələbələrim var.

Xəyyam Mirzəzadə: Yazıçılar Birliyi də, Bəstəkarlar İttifaqı da mahiyyətini itirib


- Sizin haqqınızda belə fikir formalaşıb ki, sərtdir, xasiyyətində kobudluq var. Amma Vaqif Səmədoğlu deyirdi, bu ölkədə beş insansevər varsa, biri Xəyyamdır...

- Vaqif düz deyirdi də, yalan deyirdi? (Gülür). Baxma ki, məni sevməyən üç-beş nəfər var. Onlar olmasa, həyatın mənası olmaz. Mən Vaqifin atası Səməd Vurğunu görmüşəm. Bir iti, bir sürücüsü vardı, görürdüm, Səməd Vurğun rəhmətlik ovdan qayıdır. Böyük oğlu Yusif məndən bir sinif aşağı oxuyurdu. Çox ziyalı insan idi. Ayrı cür adam idi Yusif.

- Vaqif Səmədoğlu deyir, Yusifi uşaqlığından qızlar ayırdı...

- Yusif gözəl oğlan idi. Daxili aləmi də yaxşı idi. Aybəniz də məndən iki sinif aşağı, bacımla oxuyurdu. Vaqifə mahnıların mətnini ilk dəfə yazdıran mən olmuşam. Həmin musiqilər və sözlər indi də səslənir.

Xəyyam Mirzəzadə: Yazıçılar Birliyi də, Bəstəkarlar İttifaqı da mahiyyətini itirib


- Ədəbiyyatla aranız necədir? Kimləri oxuyursunuz?

- İndi heç kimi. Çünki gözlərim pis görür. Azərbaycan klassiklərindən başqa İsa Hüseynovu, Yusif Səmədoğlunu, İsi Məlikzadəni, Fərman Kərimzadəni və başqalarını oxumuşam. Adlarını çəkməklə bitmir. Bunlardan bəziləri bir roman yazıçısıdır.

Amma Tolstoy, Dostoyevski, Çexov, Balzak ayrı dünyalardır. Bunu bir-birindən ayırmaq lazımdır ki, bir romanlıq da yazıçılarımız var, beş romanlıq da.

- Övladlarınız musiqi təhsili alsa da, davam etdirmədilər. Səbəb nədir?

- Niyə də etdirməlidirlər? Əksinə məni sevindirir ki, onlar bəstəkar olmadılar. Oğlum Pərvin fövqəladə səlahiyyətli səfir kimi Xarici İşlər Nazirliyində protokol idarəsinin rəisi, Fəxri Gömrük Komitəsində çalışır. Allah onlara fitri istedad versəydi, mən icazə verməsəydim də, öz yollarını tapacaqdılar. Bəstəkarların çoxunun uşaqları bəstəkarlığı oxusalar da çifayda, bəstəkar olmayıblar. Mənim həmkarlarımdan on-on beş nəfər bəstəkarın övladları bəstəkar olmaq fikrində olublar. Deyə bilmərəm ki, onlar böyük adam olublar. Bəlkə də inciyəcəklər, amma qoy incisinlər. Boş-boş vaxtlarını itirib əziyyət çəkiblər. Övladlarım Pərvin də, Fəxri də Bülbül adına məktəbdə oxudular. Məktəbi qırmızı diplomla qurtardılar. 11-ci sinifdə olanda Pərvin dedi, Konservatoriyada oxumayacağam. Hətta o vaxt musiqi də yazmışdı. Mənim əlyazmalarımın içində o əsərlər var. Dedi, sən atanın yolu ilə getmədin, biz də getməyəcəyik. Mənim atam Hadı Mirzəzadə məşhur dilçi olub. Dil tarixinin Azərbaycanda əsasını qoyanlardan biri olub. Əfsus ki, indi yaddan çıxıb. Çünki əldəqayırma alimlər var. Onun əsərlərini köçürüb alim olublar. Alimlərin əsərlərini köçürəndə heç olmasa ona istinad edərlər. Xəbərləri yoxdur ki, Hadı Mirzəzadə kimi alimləri var. Onlar çox ədalı alimlərdir.

Xəyyam Mirzəzadə: Yazıçılar Birliyi də, Bəstəkarlar İttifaqı da mahiyyətini itirib


- Sizin rəssam dostlarınız da çoxdur...

- Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Tahir Salahov, Mürsəl Nəcəfov, Maral Rəhmanzadə, Xalidə Səfərova, Mahmud Tağıyev, Vəcihə Səmədova, Böyükağa Mirzəzadə, Nadir Qasımov, Fuad Salayev, Tokay Məmmədov, Natiq Əliyevlə böyük dostluğum olub. Hər birinin emalatxanasında saatlarla olmuşam, oturub söhbət etmişik.

- Tahir Salahovla, Tokay Məmmədovla zəngləşirsiniz?

- İndi heç kimlə zəngləşmirəm. Tokayın emalatxanasına illərlə gedib-gəlmişəm. Mənim orda heykəlim də var. Dost sarıdan bəxtim gətirib. Bilirsən necədir, mən bəyənmədiyim adamla oturub-durmuram. Kənarda xasiyyətim barəsində pis danışsalar da, musiqiçi kimi həmişə qiymətləndiriblər.

Xəyyam Mirzəzadə: Yazıçılar Birliyi də, Bəstəkarlar İttifaqı da mahiyyətini itirib


- Səhv etmirəmsə, 50-dən artıq filmə musiqi yazmısınız. Məsələn, “Yeddi oğul istərəm”, “Bağ mövsümü”, “Arxadan vurulan zərbə” filmlərini xatırlayıram...

- Musiqisini yazdığım ilk filmlərdən biri “Bizim küçə” filmidir. Mənim müəllimim Qara Qarayev deyirdi ki, səni Ağcabədi teatrına belə dəvət eləsələr ki, musiqi yazmaq lazımdır, get yaz. Çünki sənin sənətinə qiymət verəcəklər, səhnəyə yox. “Yeddi oğul istərəm” filminə məni Yusif Səmədoğlu dəvət edib. Rəssam dostum Nadir Zeynalov zəng vurdu ki, xəbərin var, kinonu bağladılar? Sən demə, Tofiq Tağızadə gedib Mərkəzi Komitəyə ki, “Uzaq sahillərdə”ni çəkmişəm, mən dura-dura filmi başqasına vermisiniz. Ona görə də filmi Kamil Rüstəmbəyovdan alıb verdilər Tofiq Tağızadəyə. Qazaxlıların yasına getmişdik, bir qoca Yusifin qabağını kəsdi ki, bu nədir, Qazaxda gül kimi yerlər ola-ola, Fatmayıda uçuq yerləri çəkmisiniz? Gördüm, Yusif özünü itirdi, özümü verdim qabağa. Dedim, ağsaqqal, Qazaxda bir dənə uçuq yer tapmadıq. Biz inqilabdan əvvələ aid film çəkmişik, ona görə də uçuq yerlər olmalıdır. Qayıtdı ki, hə, düz deyirsiniz, Qazax son vaxtlar çox inkişaf edib. Beləcə, Yusifi xilas elədim.

- Bəstəkarlar İttifaqından niyə çıxdınız?

- Mən ümumiyyətlə, yaradıcı təşkilatların funksionallığını görmürəm. İttifaq adama nə verir? İstər Yazıçılar Birliyi olsun, istər Bəstəkarlar İttifaqı, onlar öz mahiyyətini itirib. Vaxt var idi bunlar çox kömək edirdilər, yaradıcılıq söhbətləri olurdu, yeni yaranan əsərlərin notlarını köçürürdülər, ifaçılar dəvət edirdilər, bəstəkarların evində olan alətləri təmir edirdilər, yaradıcılıq evlərinə göndərirdilər.

Bir sözlə bəstəkarların həyatına müsbət təsir edirdilər. Amma indi nə edirlər? Professional təhsil almış, illərlə bəstəkarlıq və ya musiqişünaslıq oxuyan gənclərin əvəzinə özfəaliyyətlə məşğul olan bəstəkarlar və yaxud adlarını musiqişünas qoyanlar Bəstəkarlar İttifaqının üzvüdür. Bu musiqişünasların bir dənə də elmi və ya qəzet məqaləsinə mətbuatda rast gələ bilməzsiniz. Bu, mənim uydurmam deyil. Bu həqiqətdir. Belə kəlmələrlə oxucunu, dinləyicini aldatmaq olmaz. Mən bir neçə gələcəyi olan bəstəkarın adını adını çəkə bilərəm.

Xəyyam Mirzəzadə: Yazıçılar Birliyi də, Bəstəkarlar İttifaqı da mahiyyətini itirib


- Xəyyam müəllim, yanınıza xahişə gələnlər çox olur?

- Olur və nə qədər bacarıramsa, gücüm çatırsa, çalışıram kömək edim. Məsələn, bir istedadlı tələbəm var idi, kömək elədim, indi Avstriyada təhsil alır. Daha çox musiqi sahəsində kömək edə bilirəm. Məsələn, heç kimi əsgərlikdən saxlatdıra bilmərəm. (Gülür).

P.S. Söhbət zamanı Xəyyam Mirzəzadənin Avstriyada oxuyan tələbəsi, gənc bəstəkar Tahir İbişov zəng vurdu. Bu da maestronun dialoqu:

- Mənə bax, dərslərin yaxşıdır? Çətinliyin-filanın yoxdur? Lap yaxşı. Bax, sənə tapşırıram: məktəbi bitirən kimi qayıdıb gəlirsən Bakıya. Xeyr, orda qalmaq lazım deyil. Avstriyaya qulluq edənlər çoxdur. Sən Avropaya xidmət eləməsən də olar. Gəlib Azərbaycana qulluq eləmək lazımdır. Başa düşdün?

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *