Azərbaycana qaçan əfqan ailəsinin faciəsi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal, Foto

Azərbaycana qaçan əfqan ailəsinin faciəsi – FOTO

Azərbaycana qaçan əfqan ailəsinin faciəsi


Talibançılar bizi bayıra çıxardılar və gözlərimizin önündə dostumuzun hər iki əlini kəsdilər ki, bizə də dərs olsun.

AzNews.info xəbər verir ki, bu sözləri musavat.com-un əməkdaşına Əfqanıstandan qaçıb, Azərbaycana sığınan 24 yaşlı Mohsen Huseyni deyib.

Onunla avtobusda təsadüfən tanış oldum. Məndən avtobusun gedəcəyi ünvanı soruşdu. Danışığından xarici vətəndaş olduğunu anlayıb, haradan gəlməsi ilə maraqlandım. “Mən əfqanam” dedi.

Əfqanıstandan Azərbaycana gəlməyinin səbəbini soruşdum. “Burada kafel-metlax işi ilə məşğul oluram. 3 ildir ki, Azərbaycana gəlmişəm” dedi.

Bu illər ərzində Mohsenin Azərbaycan dilini səlis öyrənməsi bizə dialoqu öz dilimizdə aparmağa imkan verirdi. Çünki Mohsen azərbaycanca rahat şəkildə danışırdı. Yolüstü 2-3 dəqiqə söhbət edirik.

Mohsen şəhərimizin sakit və rahat olduğunu deyir: “Bakı çox gözəl və dinc yerdir. Burada insanlar bir-birilərini yaxşı başa düşürlər, qadınlara yer verirlər, böyüklərə hörmət edirlər”.

“Bəs, Əfqanıstanda vəziyyət necədir” sualımızın qarşılığında Mohsenin üzündə acı bir gülüş ifadəsi yaranır: “Bizdə insanları öldürürlər...”

Avtobus ünvana çatdığından söhbətimiz yarımçıq qalır. Bu təsadüfi görüşün hekayəsini yazmaq qərarına gəlirəm. Mohsenlə yenidən görüşmək üçün əlaqə nömrəsini alıram.

Növbəti gün əfqanıstanlı gənc ilə Bakıda kafelərin birində görüşürük. 24 yaşlı Mohsen Huseyni bu qısa ömrünə sığışdırdığı tükürpədən hekayəsini danışır:

“Ailədə 6 nəfərik. Əfqanıstandan Bakıya 2013-cü ildə qaçıb, gəlmişik. Orada vəziyyət çox pisdir. İnsanlar qorxu içərisində yaşayırlar. Hər gün müharibə, partlayışlar, teror baş verir. Yaşadığımız Qəzvin və Kabul şəhərlərində bildiyiniz kimi, indi də hər gün müharibədir. Taliban terror təşkilatı məzhəb ayrı-seçkiliyi ilə insanları edam etdirir. Orduya xidmətə getmək istəyənlərə zülm verirlər. İnsanların gözü önündə əllərini, qollarını kəsirlər. İşgəncə verirlər. Orada hətta küçəyə çıxanda evə sağ qayıtmağın belə, sual altındadır.

Burada da yaşamaq çətindir. Amma bir şey var ki, anamın, bacımın həyatı üçün narahat deyiləm. Bilirəm ki, burada bizi heç kim öldürməyəcək. Sizdə elə adətlər var ki, mən onu heç yerdə, hətta heç filmlərdə də görməmişəm. Avtobusa bir qadın minəndə 3-4 nəfər oğlan ona yer verir. Bu, çox yaxşı adətdir. Sən bir Əfqanıstana bax, gör, orada vəziyyət necədir. Axşamlar qadınlar küçədə rahat gəzə bilmirlər. Onlara əziyyət edirlər, sataşırlar. Kabulun küçələrində qızları oğurlayıb, aparırlar. Ona görə də anamı, bacımı tək qoymurdum.

Amma burada bacıma deyirəm ki, hara istəyirsən, tək gedə bilərsən. Bilirəm ki, burada heç kim, heç nə demir. Hamı öz işindədir. Orada qanunlar işləmir. Ölkənin prezidenti diktatordur. Burada əksinə, qanunlar, polis işləyir. Küçədə heç kim başqasını narahat etmir. Bizdə isə hava qaralanda hətta kişilər çöldə rahat gəzə bilmir, nəinki qadınlar... Əllərində bıçaqla insanların yolunu kəsib, pullarını, telefonunu alırlar”.

Mohsen deyir ki, aclıq və müharibə dərdindən onun ailəsi Əfqanıstanın bir neçə əyalətində yaşamaq məcburiyyətində qalıb: “Bir müddət Pərvan vilayətində də yaşadıq. Burada da terrorçular öz çirkin əməllərindən qalmırdılar. Talıban terrorçuları əsgərə gedən gənclərə bizim gözlərimiz önündə işgəncə verirdilər.

Bir dəfə Pərvanda dostlarımın biri əsgər getmişdi. Qayıdandan sonra taliblər onu tutdular və dedilər ki, “Sən dövlətə xidmət etmisən, dövlət isə bizim düşmənimizdir”. Bir qrup talibançı bizi bayıra çıxardı və gözlərimiz önündə dostumuzun hər iki əlini kəsdilər ki, bizə də dərs olsun. Belə dəhşətli mənzərə ilə tez-tez qarşılaşırdım. Belə hallar tez-tez olduğu üçün insan ölümü gözümüzdə adiləşirdi”.

Həmsöhbətim Əfqanıstanda qadınların başına gətirilən dəhşətlərdən də danışdı: “Bir əfqan ailəsi üçün ən böyük problem evdə gənc qız övladın olmasıdır. Mənim də bir bacım var. Onu qorumaq üçün bir neçə dəfə yaşadığımız yeri dəyişməli olmuşuq. Əfqanıstanda əhali ev tikmir, hamı kirayədə qalmağa üstünlük verir. Çünki hər an evini atıb, qaçmaq məcburiyyətində qala bilərsən.

Pərvanda kirayədə qalırdıq. Bir dəfə qonşuluqda 3 arvadı olan 70 yaşlı kişi gənc bir qızla evlənmək istəyirdi. Lakin ailəsi qızı vermədi, həmin adama... Həmin şəxs terror təşkilatının üzvü idi. Ailəyə silahla hədə-qorxu gəlib, qızı zorla almaq istəyirdi. Həmin ailənin üzvləri canlarını qurtarmaq üçün İrana qaçdılar”.

Mohsen deyir ki, Əfqanıstanda dolanmaq çətindir. Maddi çətinlikdən əziyyət çəkən bu gənc 6 yaşından çörəkpulu qazanmaq məcburiyyətində qaldığını deyir: “Marşrut avtobuslarında “konduktor” işləyirdim. Gündəlik sizin pulla 50 qəpik alırdım. Atam yaşlı, anam isə xəstə olduğundan ailənin yükünü qardaşımla mən çəkirdik. Qardaşım isə hər işə gedirdi, yetər ki, qazanc olsun. Kirayədə yaşayırdıq. Bir tərəfdən müharibə, digər tərəfdən isə kasıbçılıq səbəbindən tez-tez yaşadığımız yeri dəyişməli olurduq. Bir neçə il içərisində Kabul, Qəzvin və Pərvan əyalətlərində yaşayıb, işləmişik”.

Söhbətimiz bu yerində Mohsenin qardaşı və dostları gəldilər. Jurnalist olduğumuzu bilib, Bakıda qarşılaşdıqları problemlərindən də danışdılar. Mohsenin qardaşı Cavid də kafel-metlax ustasıdır. O, deyir ki, burada gəlirləri yaxşıdır:

“7 ildir ki, Bakıda yaşayıram. Qazancımız yaxşıdır, şükür... Bakını Əfqanıstanla müqayisə etmək olmaz. Sakit və azad hiss edirik, özümüzü... Bu şəhərdə işləyənə çörək var.

Bizimlə xoş rəftar edirlər. Lakin elə vaxtlar da olur ki, işimizin haqqının ala bilmirik. Ya gec verirlər, ya da pulumuzu kəsirlər. Belə olan halda müxtəlif qurumlara şikayət edirik. Onlar müraciətimizi qeydə alsalar da heç nəyi həll etmirlər. Rəsmi qeydiyyatımız olmadığı üçün öz adımıza mobil telefon nömrəsi ala bilmirik. Məcbur qalıb, başqa bir şəxsin adına alırıq”.

Hazırda acınacaqlı günlərini geridə qoyan əfqan ailəsi Əhmədli qəsəbəsində kirayədə yaşayır. İki qardaş fəhləliklə ailələrini dolandırır. Onların ağır xəstəlikdən əziyyət çəkən analarının müalicəsini isə Heydər Əliyev Fondu həyata keçirir. Kasıb həyat tərzi sürsələr də, ailə Əfqanıstana qayıtmaq istəmir. Onlar hətta oradakı həyatlarını öz düşmənlərinə belə, arzulamırlar…

Azərbaycana qaçan əfqan ailəsinin faciəsi
Azərbaycana qaçan əfqan ailəsinin faciəsi
Azərbaycana qaçan əfqan ailəsinin faciəsi

Mənbə: Musavat.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *