AZAL-a qarşı tənqidlər Ermənistanda əks-səda doğurdu
Azərbaycanda dövlət hava yolları şirkəti AZAL-ın həddən artıq bahalı aviabiletlərinə görə mətbuat, daha sonra prezident İlham Əliyev tərəfindən sərt tənqid olunması Ermənistanda dda əks-səda doğurub.
Virtualaz.org saytı xəbər verir ki, bu tənqidlər Ermənistan ictimaiyyətinin ölkənin beynəlxalq aerportlarından xarici uçuşların niyə qonşu Gürcüstana nisbətən 5-6 dəfə baha olması barədə sualların səslənməsinə səbəb olub.
“Aravot” qəzeti yazır ki, Ermənistanın baş naziri Ovik Abramyan bir gün əvvəl hökumətin iclasında tapşırıq verib ki, mülki aviasiya idarəsi təyyarə reyslərinin qrafikinə yenidən baxsın və gecə reyslərini ləğv etsin. Çünki gecə reysləri Ermənistana gələn turistlərə narahatlıq yaradır.
Politoloq Qaqik Qəmbəryan isə deyir ki, baş nazirin bu göstərişi gecikib. Çünki turizm mövsümü çoxdan başlayıb və hökumətin ölkənin aviasiya bazarında hökm sürən bespredelə niyə məhz indi reaksiya verməsi maraqlıdır.
“Ermənistan indi olduqca gülməli vəziyyətdədir ki, regionda ən bahalı aviadaşımalar məhz bu ölkədədir” - politoloq deyib.
Qaqik Qəmbəryan AZAL-ın da təyyarə biletlərinin qiymətini kəskin qaldırdığını, lakin şirkətin bunu Avropa Oyunlarına gələn qonaqları pulsuz daşıması ilə əsaslandırdığını xatırladıb.
“Doğrudanmı Ermənistan hakimiyyəti görmür ki, nə qədər ölkə vətəndaşı Ermənistanı qazanc dalınca tərk etmək üçün Gürcüstandan uçur? Bizim hakimiyyət və “Ermənistan-Beynəlxalq Aeroportlar” şirkətinin sahibi Eduardo Ernekyan əlindən gələn hər şeyi edir ki, Ermənistan vətəndaşları Misirə, Avropaya, Antalyaya uçmaq üçün İrəvandan 300 km, Gümrüdən 200 km məsafədə olan Tiflis şəhərinə üz tutsunlar, oradan başqa ölkələrə uçsunlar. Bu, sadəcə olaraq gülməlidir” - politoloq bildirib.
O xatırladıb ki, Ermənistandan harasa uçmaq Gürcüstandan uçmaqdan 100-200 avro baha başa gəlir. Bəzi hallarda isə fərq 5-6 dəfə olur. Məsələn, Kutaisi aeroportundan Avropa şəhərlərinə 70-90 avroya uçmaq olar, Ermənistandan uçmaq üçün isə 5-6 dəfə çox pul ödəmək lazımdır.
“Nəyə görə İrəvanın Zvartnots aeroportunda təyyarələrə texniki xidmət regionda ən bahadır? Xarici aviaşirkətlər bir-birinin ardınca Ermənistanı tərk edir. Buna Eduardo Ernekyan (argentinalı erməni milyarder) və Ermənistan hakimiyyəti səbəb olur. Onlar əl-ələ verib aviaşirkətləri soyurlar. Qoy Serj Sərkisyan audit təşkil etsin və aydınlaşdırsın ki, nəyə görə bu qədər aviaşirrkət Ermənistanı tərk edir və ya Gürcüstanda, ya Azərbaycanda biznes qurur? Sərkisyanın dostu Mixail Baqdasarov “Armavia” şirkətinin sahibi idi. Ermənistanın aviabazarında inhisarçı olan bu şirkətin müflis olduğunu elan etdilər. Necə ola bilər ki, inhisarçı şirkət müflis olsun. Belə şey ancaq Ermənistanda ola bilər” - deyə Qəmbəryan bildirib.
Mənbə:> Virtualaz.org