Qəbələdə keçiriləcək VII Beynəlxalq Musiqi Festivalının tarixi açıqlanıb
İyulun 25-dən 31-dək Qəbələdə VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov məlumat verib.
O qeyd edib ki, 2009-cu ildən başlayaraq Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə hər il Qəbələdə ənənəvi Beynəlxalq Musiqi Festivalı keçirilir: "Bu festivallar Azərbaycanda və onun hüdudlarından kənarda böyük əks-səda doğurur və konsertlərdə görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edir".
Şöbə müdirinin sözlərinə görə, bu ilki festivalda Rusiya, Ukrayna, İtaliya, İspaniya, İsrail, Avstriya, Xorvatiya, Almaniyadan dünya şöhrətli musiqiçilər və kollektivlər, o cümlədən İtaliya simfonik Orkestri, “Moskva virtuozları” Kamera Orkestri, Avstriya Vayner Akademiyasının kamera ansamblı, “Flamenko” ansamblı, “Dubrovnik Guitar Trio”, Andrey Qavrilov, Oksana Yablonskaya, Cankarlo Pazolini, Janna Gandelman, Aleksandr Rojdestvenski, Jeremi Menuxin, Paul Meyer, Aleksandr Gindin, Taras Yaqopud və başqaları iştirak edəcək.
Mənbə:> Report.az