Şadlıq evlərinə bu qadağalar qoyuldu
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi şadlıq saraylarında standartların dəyişməsi ilə bağlı əmr verib.
Bu barədə virtualaz.org saytına komitənin mətbuat xidmətindən məlumat veriblər.
Xəbərdə deyilir ki, yeni standartlar bu il sentyabrın 1-dən tətbiq ediləcək.
Dəyişikliyə əsasən mətbəxdə qabların yuyulması iki üsulla - əl və qabyuyan maşınlar vasitəsilə aparılmalıdır. Qablar əllə yuyularkən müəssisə iri mətbəx qazanları və avadanlıqların yuyulması üçün üç bölümlü, şüşə qablar və mətbəx dəstlərinin yuyulması üçün iki bölümlü vannalarla təmin olunmalıdır.
Təmiz mətbəx qabları və avadanlıqların alt hissəsi döşəmədən ən azı 50-70 sm hündürdə olan rəflərdə, təmiz mətbəx dəstləri zalda xüsusi şkaflarda, təmiz boşqablar isə bağlı şkaflarda və ya rəflərdə saxlanmalıdır. Onların məcməyidə səpələnmiş vəziyyətdə saxlanmasına icazə verilmir.
Standarta digər dəyişiklik hazırlanan yeməklərin realizasiyası və saxlanması ilə bağlıdır. Belə ki, “İsveç masası” xidmət növündə təqdim olunan marmitdə, sobada qızdırılan qablarda olan isti yeməklər ən çoxu üç saat ərzində, soyudulmuş hazır soyuq yeməklər isə bir saat ərzində realizə edilməlidir. Realizasiya zamanı isti yeməklərin temperaturu 750C-dən aşağı, soyuq yeməklər və içkilərin temperaturu isə 140C-dən yuxarı olmamalıdır.
Həmçinin salatların inqrediyentləri qatışdırılmamış vəziyyətdə 2-6 dərəcədə 6 saatdan çox saxlanılmamalı, qatışdırıldıqdan sonra dərhal stola verilməlidir.Yeməklərin istehsalı zamanı istifadə olunan ərzaq xammallarında və ərzaq məhsullarında insan sağlamlığına potensial təhlükəli olan kimyəvi və bioloji maddələr normativ-hüquqi sənədlərdə müəyyən edilmiş normadan artıq olmamalıdır.
Tətbiq edilən digər dəyişikliyə əsasən ictimai iaşə müəssisələrində kulinariya məhsulları hazırlanarkən baytarlıq ştampı (möhürü) və şəhadətnaməsi olmayan bütün növ kənd təsərrüfatı heyvanlarının ətindən, quş əti və quş yumurtasından, ördək və qaz yumurtalarından, hermetikliyi pozulmuş, şişmiş konservlərdən, anbar zərərvericiləri ilə yoluxmuş qarabaşaq, un, düyü, quru meyvələrdən, qurdlu və əzilmiş təzə göbələklərdən, istifadə müddəti başa çatmış və ya başa çatmaq üzrə olan, xüsusilə tez xarab olan məhsullardan istifadə etmək qadağandır.
Həmçinin məhsulların soyuducuda saxlanılması zamanı müəyyən qaydalara riayət olunmalıdır. Belə ki, yeni qaydalara əsasən, ətin saxlandığı soyuducu kameralar asan yuyula bilən gigiyenik örtüklü rəflərlə təmin olunmalıdır.
Soyudulmuş ət cəmdəkləri, yarımcəmdəklər və dörddə bir cəmdəklər bir-birinə, döşəməyə və divara toxunmamaq şərtilə qarmaqlardan asılmış vəziyyətdə, həmçinin xama, kəsmik, mayonez və s. ağartı məhsulları ağzı qapaqla yaxşı bağlanan qablarda, kolbasalar isə qarmaqlardan asılmış vəziyyətdə saxlanmalıdır.
Personalın şəxsi gigiyenik qaydalarına da dəyişiklik edilib. Belə ki, personal üst geyimlərini və şəxsi əşyalarını qarderobda saxlamalı, işə başlamazdan əvvəl əllərini təmiz yumalı, təmiz xalat və əlcək geyinməli, başlarını örtməli və saçlarını diqqətlə örtüyün altına yığmalıdır. Həmçinin əllərində irinli sızanaqlar, kəsiyi, yanığı olan, yuxarı nəfəs yolları epidemiyalı xəstələr bu sahələrdə işə buraxılmamalıdır.
Mənbə:> Virtualaz.org