Bakıya gələn 1000-dək rayon maşını saxlanılıb – FOTO
İlk Avropa Oyunlarının keçiriləcəyi dövrdə Bakıda nəqliyyatın sıxlığının aradan qaldırılması üçün iyunun 1-dən tətbiq olunan məhdudiyyətdən sonra paytaxta daxil olmaq istəyən 1000-ə yaxın avtomobil saxlanılıb və ya hərəkət istiqamətləri dəyişdirilib.
Bu barədə "Report"a Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsindən (BŞBDYPİ) məlumat verilib.
İdarədən bildiriblər ki, şəhərə girişi qadağan edilənlərin xeyli hissəsi texniki nasazlığı olan maşınlar və yük avtomobilləridir: "İyunun 1-dən etibarən bütün istiqamətlər üzrə 24 saat xidmət aparılıb. İctimaiyyətin məlumatlandırılması nəticəsində iyun ayının 3-4-dən etibarən rayon qeydiyyatı olan avtomobillərin paytaxta gəlməsi kəskin azalıb".
İdarədən verilən məlumata görə, hazırda "Riyad" Ticarət Mərkəzinin həyətində və Müşfiq postu yaxınlığındakı dayanacağın hər birində 10-dan artıq, Ələt yolunda ayrılan sahədə isə 50-yə yaxın ağırtonnajlı və digər yük avtomobilləri saxlanılır: "İyunun ilk günlərində Bakıya buraxılmayan minik avtomobilləri də həmin dayanacaqlardan istifadə edirdilər. Amma sonradan geri qayıdıblar və ya hərəkət istiqamətlərini dəyişiblər".
Məlumata görə, operativ nəqliyyat vasitələrinin şəhərə daxil olmasına heç bir məhdudiyyət qoyulmayıb: "Həmçinin göndərişi olan xəstələri daşıyan rayon qeydiyyatı olan avtomobillər də şəhərə buraxılıb. Bəzi hallarda isə göndəriş olmadan belə ağır xəstə aparan nəqliyyat vasitələri istisna hal kimi paytaxta buraxılıblar".
Qeyd edək ki, Bakı-Sumqayıt yolundan istifadə edənlərə "Riyad" Ticarət Mərkəzinin həyətində, Şamaxı istiqamətindən gələnlərə Müşfiq postunun yaxınlığında, Bakı-Kürdəmir və Bakı-Astara istiqamətlərindən gələn sürücülər üçünsə Ələt yolunun 14-cü km-də sahə ayrılıb.
Mənbə:> Report.az