Uşaq bağçalarında uşaqlar ət üzünə həsrətdir – FOTO
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bölgələrdəki uşaq bağçalarında yoxlama aparıb. Komitə əməkdaşları Lənkəran şəhəri, Su qəsəbəsi 8 ünvanında yerləşən 16 saylı uşaq bağçası və Vaqif küçəsi 2 ünvanında yerləşən 6 saylı körpələr evində bərbad vəziyyətlə rastlaşıblar.
Bu barədə vitualaz.org saytına komitədən məlumat veriblər.
Xəbərdə deyilir ki, hər iki müəssisədə AZS 747-2013 “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”nın tələbləri kobud şəkildə pozulur. Belə ki, müəssisələrdə hazırlanan yeməklər texnoloji təlimat və reseptura olmadan hazırlanır, hazır qida istehlaka verilməzdən əvvəl təhsil müəssisəsinin səlahiyyətli nümayəndəsi və tibb işçisindən ibarət komissiya tərəfindən ona nəzarət edilmir, azyaşlılara verilməsi nəzərdə tutulan yeməklərin ekspertizası aparılmır.
Həmçinin hazırlanan məhsullarda gündəlik qida rasionu tələblərinə əməl edilmir, yeməklərdə ət və ət məhsullarından istifadə olunmur. Müəssisələrin mətbəxi natəmiz vəziyyətdə saxlanılır, sanitar normalar pozulur.
Aşkar olunmuş bu və digər nöqsanlarla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib. Nöqsanların aradan qaldırılması ilə bağlı vaxt verilib.
Mənbə:> Virtualaz.org