Avropa Oyunlarının məşəli Qaxa gətirilib
Respublikamızın bölgələrini gəzib dolaşan, şimal-qərb bölgəsi rayonlarını da öz alovunun şəfəqlərinə qərq edən birinci Avropa Oyunlarının məşəli mayın 24-də ölkəmizin dilbər guşələrindən olan Qax rayonuna gətirildi.
Hər tərəfdən uca dağlarla əhatələnən, əsrarəngiz təbiət gözəllikləri ilə görənləri heyran edən bu qədim diyarın sakinləri Avropa Oyunlarının məşəlinin rayona gətiriləcəyi günü böyük səbirsizliklə gözləyir, neçə gündür ki, bu möhtəşəm idman bayramına hazırlaşırlar. Qax şəhərinin bütün küçə və meydanları bayramsayağı bəzədilib, hər tərəfdə səliqə-sahman hökm sürür, insanlar yüksək bayram əhval-ruhiyyəsindədirlər.
AzNews.info AzərTAc-a istinadən xəbər verir ki, günün ikinci yarısında Qax şəhərinin giriş qapısında, Heydər Əliyev prospektinin başlanğıcında birinci Avropa Oyunlarının məşəlinin təntənəli qarşılanma mərasimi oldu. Buraya toplaşan rayon sakinləri yürüş iştirakçılarını böyük coşqu ilə qarşıladılar. Avropa Oyunlarının rəmzi qapısında universal döyüş növləri üzrə dünya çempionu Ramil Məmmədli məşəli qəbul etdi. Sonra məşəlçilər Heydər Əliyev prospekti, İmam Mustafayev küçəsi və Azərbaycan prospekti boyunca 3 kilometrdən çox məsafə qət edərək məşəli Qax şəhərinin mərkəzi meydanına gətirdilər. 2010-cu və 2012-ci illərdə Almaniyada və Portuqaliyada keçirilmiş kunq-fu üzrə dünya birinciliklərinin qalibi Zaur İsakov meydanda qurulmuş səhnəyə qalxaraq məşəli alovlandırdı.
Məşəl estafetinin sonuncu iştirakçısı Zaur İsakov sevincini AZƏRTAC-ın müxbiri ilə bölüşərək dedi: “Bu gün sevincimin həddi-hüdudu yoxdur. Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarının məşəli doğma Qax rayonunda şölələnir. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkə həyatının bütün sahələrində, o cümlədən idman sahəsində qazanılan uğurlarımızın məntiqi nəticəsidir. Bu xoşbəxt anları bizə bəxş etdiyinə görə Prezidentimiz İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk”.
Mərasimdə aprelin 26-da Bakıda, Atəşgah məbədində birinci Avropa Oyunlarının məşəlinin alovlandırılmasını əks etdirən videoçarx göstərildi.
Daha sonra məşəldən alovlandırılan çıraq ilk Avropa Oyunlarının sonunadək saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təqdim edildi.
Mərasim incəsənət ustalarının ifasında konsert proqramı ilə başa çatdı.
Mənbə:> AzərTAc