Səbinənin toruna düşənlər, əxlaqsızlıq yuvasında gizli kamera, şantaj, pul və...
Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini, 1988-ci il təvəllüdlü Emin Allahverənov və Masallı rayon sakini, 1984-cü il təvəllüdlü Əlizamin Abıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. ANS PRESS-in virtualaz.org-a istinadən verdiyi məlumatına görə, prosesə hakim Mirzə Xankişiyev sədrlik edir.
İstintaqla müəyyən edilib ki, E.Allahverənov gəlir əldə etmək məqsədilə Sumqayıt şəhərində kirayələdiyi mənzildə istintaqa məlum olmayan tanışını - “Səbinə” adlı qadını müxtəlif kişilərlə görüşdürmək üçün əxlaqsızlıq yuvası təşkil edib. Səbinənin adına yaradılan odnoklassniki.ru internet saytında müştərilərlə əlaqə saxlanılıb.
Yüngül həyat tərzi keçirən Səbinənin toruna düşmüş ilk müştəri internetdə tanış olduğu Ramil İsmayılov olub. E.Allahverənov onların görüşünü təşkil edib və bunu kompüterin videokamerası ilə gizlicə lentə alıb. Bundan bir müddət sonra isə E.Allahverənov qrupun digər üzvü Əlizamin Abıyevlə birlikdə Ramil İsmayılova hədə-qorxu gələrək ondan pul tələb ediblər. Əks halda videogörüntüləri müxtəlif internet saytlarında, ailə üzvləri və tanışları arasında yayacaqları ilə hədələyiblər.
Hər iki şəxsin hədələrdən təngə gələn Ramil İsmayılov DİN Baş Mütəşəkkil Cinayətkarlığa Mübarizə İdarəsinə ərizə ilə müraciət edib. Adıçəkilən şəxslər Göygöl rayon sakini Ramil İsmayılovu barəsində rüsvayedici məlumat yayacağı ilə hədələyərək ondan 600 manat alarkən Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının 3 iyul, 2014-cü ildə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıblar.
E.Allahverənova qarşı Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların barəsində rüsvayedici məlumatlar yayma) və 244.2.1-ci (əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə, Ə.Abıyevə isə 182.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Təqsirləndirilən şəxs qismində dindirilən E.Allahverənov Səbinə adlı qadınla 2014-cü ilin may ayında tanış olduğunu, onun küçədə qaldığını, getməyə yeri olmadığından köməklik etdiyini göstərib: “Gedəcək yeri yox idi. Mənim özümün də maddi imkanım yaxşı deyildi, onu yanımda saxlaya bilməzdim. Öz xahişi ilə Səbinəyə mənzil tutdum, onun öz istəyi ilə adına odnoklassniki.ru saytında və skaypda profil açıb pulla müştərilərlə görüşməsi barədə status yazdım.
Səbinənin ilk tanış olduğu şəxs Ramil İsmayılov idi. Əvvəlcədən qərara gəlmişdik ki, bütün görüşləri videoya çəkək ki, əgər müştəri artıq hərəkətə yol versə, onu şantaj edib cəzalandıraq, əlavə pul qopara bilək.
Bir müddət sonra Səbinəyə Bakıdan mənzil kirayələdik. Səbinə internetlə tanış olduğu şəxsləri “Planet” şadlıq sarayının qarşısına çağırır, orada qarşılayıb evə gətirirdi. Pulları müştərilərdən mən alırdım. Səbinə mənə heç bir söz demədən əşyalarını yığıb evdən getmişdi. Ramil dedi ki, 200 manat düzəltmişəm, gəl apar, 400 manat da sonra verəcəyəm. Dostum Əlizaminlə birlikdə Ramilin iş yerinə getdik. Ramildən pulu alarkən mülki geyimli şəxslər bizə yaxınlaşdılar”.
Zərərçəkmiş şəxs qismində dindirilən Ramil İsmayılov ifadəsində Səbinə ilə internetdə tanış olduqlarını, telefonla və internet vasitəsilə əlaqə saxladıqlarını göstərib: “İlk dəfə Səbinə ilə görüşəndə məni Emin adlı şəxs qarşılayıb apardı. Səbinə dedi ki, Emin onun mühafizəçisidir, Eminə hər ay 800 manat pul verir. Evə gələndə Emin hətta şəxsiyyət vəsiqəmi də alıb baxdı, sonrasa 100 manat alıb getdi. O, gedəndən sonra Səbinə kompüteri otağa gətirib qoydu ki, musiqiyə qulaq asaq. Bunu videogörüntü üçün etməsi heç ağlıma da gəlməzdi.
Bundan sonra arabir Səbinə ilə telefonla əlaqə saxlayır, yazışırdım. Səbinə mənə “Planet” şadlıq sarayının yanında kirayə qaldığını deyirdi. Növbəti dəfə məni yenə Emin qarşılayıb evə apardı, Sumqayıta gedəcəyini deyib evdən çıxdı. Bir qədər sonra geri qayıdıb dedi ki, “səni kameraya çəkmişik, inanmırsansa hamısı flaş-kartdadır, 100 manat ver, qırım atım”
Ona dedim ki, pulum yoxdur. Emin isə “Sənə 15 gün vaxt verirəm, 500 manat verməsən, videonu internet saytlarına, valideynlərinə, qohumlarına göndərəcəyəm, get kimə istəyirsən şikayət elə, mən heç kimdən qorxmuram” deyərək hədə-qorxu gəldi, görüntüləri açıb göstərdi.
Bu işin əvvəlcədən düşünülmüş olmasına şübhəm qalmadı. Həmin vaxt yeganə düşündüyüm bu oldu ki, mənzildən sağ-salamat çıxıb gedə bilim. Ona görə də Eminə 500 manatı çatdıracağıma söz verdim”.
Zərərçəkmişin ifadəsinə görə, Emin dəfələrlə ona zəng vurub, mesaj yazsa da ona cavab verməyib. Bir müddət sonra isə Emin bir nəfər oğlanla onun yanına gəlib: “Adını sonradan bildiyim Əlizamin məni söydü, Eminin pulunu niyə vermədiyimi soruşdu. Sonra cibindən kağız çıxarıb mənə göstərdi. Həmin kağızda 4 il əvvəl işlətdiyim telefon nömrəsi, qeydiyyatda olduğum ünvan yazılmışdı.
Əlizamin “bizdən qaçası olsan, səni yerin deşiyində də olsa tapıb çıxaracağıq” dedi. Emin isə Əlizamini göstərib onun adının Namiq olduğunu, polis bölməsində rəis işlədiyini bildirdi.
Əvvəlcə pul tapıb Eminə və özünü Namiq kimi təqdim edən şəxsə vermək istədim. Sonra fikirləşdim ki, pul versəm, yalandan görüntüləri siləcəklərini deyəcəklər. Çox düşündükdən sonra onların barəsində polisə şikayət etməyi qərara aldım. Bu haqda ərizə yazdım. İyulun 3-də Eminə zəng vurub 200 manat hazırladığımı dedim. Emingil pulu alıb gedəndən sonra polislər onları saxladılar. Eminin cibindən 200 manat pul və iki ədəd flaş-kart aşkarlandı”.
Məhkəmə prosesi davam edir.
Mənbə:> Virtualaz.org