Bakı yanğınında sertifikat korrupsiyasının rolu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

Bakı yanğınında sertifikat korrupsiyasının rolu – FOTO

Bakı yanğınında sertifikat korrupsiyasının rolu


Dünən Bakının Binəqədi rayonunda azı 15 nəfərin həlak olması ilə nəticələnmiş dəhşətli bina yanğınına səbəb olan poluretan üzlüyün istehsalçısı bu məhsula Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən müvafiq sertifikat alıb.

Virtualaz.org saytı xəbər verir ki, bu sənədin fotosurəti hələ dünən sosial şəbəkələrdə yayılıb.

Sənəddə göstərilir ki, “Global Stone” MMC tərəfindən istehsal edilən poluretan məmulatları TŞ AZ 151649831-001-2010 normativ sənədinin tələblərinə uyğundur.

Lakin sənəd 2012-ci ildə verilsə də sertifikatın müddətinin 2013-cü ildə başa çatacağı göstərilir. “Global Stone” MMC-nin polurtan məmulatlarına yeni sertifikat alıb-almadığı məlum deyil. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin məlumat bazasında belə sənəd barədə məlumat yoxdur.

Xatırladaq ki, baş prokuror Zakir Qaralov hadisə yerində jurnalistlərə açıqlamasında bildirib ki, yanğına binanın üzləndiyi üzlük materialının səbəb olduğu ehtimal edilir.

Bunun ardınca prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlət başçısının yanğına görə məsuliyyət daşıyanların cəzalandırılmasına dair göstəriş verdiyini bəyan edib. Çox keçmədən “Global Stone” MMC-nin mülkiyyətçisi olan “Global Construction” tikinti şirkətinin rəhbəri Miryusif Mahmudov həbs edilib.

“Global Stone” MMC yanğına səbəb olan poluretan üzlükləri Bakının Hökməli qəsəbəsində yerləşən “M-Line” mebel fabrikinin ərazisində (“M-Line” MMC də “Global Construction”a məxsusdur) istehsal edir. İstehsal sahəsi 2011-ci ildə işə salınıb. Layihənin bir hissəsi dövlətin ayırdığı güzəştli kredit hesabına maliyyələşib.

Bəs Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “Global Stone” MMC-nin tezalışan poluretan məmulatlarına uyğunluq sertifikatı verərkən nəyə əsaslanıb?

Sənədə əsasən sertifikatın verilməsi üçün “Dərnəgül Boru Zavodu” QSC-nin sınaq laboratoriyasının sınaq protokolu əsas götürülüb.

Komitənin saytında müvafiq dövlət normativlərinə və qanunvericilik aktlarına istinadən bildirilir ki, məhsulların sertifikatlaşdırılması əhalinin həyat və sağlamlığının qorunması, əmlak və ətraf mühit üçün təhlükəli olan məhsulun istehsalının və satışının qarşısının alınması üçün aparılır.

Virtualaz.org saytı onu da müəyyən edib ki, üzlük materiallar, indiki halda “Global Stone” MMC tərəfindən istehsal edilən poluretan üzlüklər məcburi qaydada sertifikatlaşdırılmalı olan məhsullar sırasına daxildir. Bu, Nazirlər Kabinetinin hələ 1993-cü ilin iyul ayında qəbul edilmiş 343 saylı qərarında təsbit edilib. Qərarı baş nazirin o vaxtkı müavini Vahid Əhmədov imzalayıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi standartlara uyğun gəlməyən, insan həyatı və sağlamlığı üçün təhlükəli olan məhsulların istehsalını dayandırmaq, istehsalçını cərimələmək, topladığı faktları tədbir görülmək üçün hüquq-mühafizə orqanlarına təqdim etmək səlahiyyətinə malikdir.

Bəs komitə təhlükəli üzlüyə uyğunluq sertifikatını necə verib?

Görünür, bu sualın cavabını bu komitədə hökm sürən korrupsiyada və iş adamlarına istehsal etdikləri məhsullar üçün sertifikatların pulla alınmasına şərait yaradılmasında axtarmaq lazım gələcək.

Böyük ehtimalla “Global Construction” şirkətinin rəhbəri ilə bağlı istintaqı aparan müstəntiqlər təhlükəli üzlük materiallarına sertifikatın necə verildiyini də Dövlət Komitəsinin səlahiyyətli şəxslərindən soruşacaqlar...

Bakı yanğınında sertifikat korrupsiyasının rolu

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *