Telekanallar əyləncəli verilişləri ləğv etdi
İctimai Televiziya və Radio Yayımları şirkəti Binəqədi rayonunda 16 mərtəbəli binada baş verən dəhşətli yanğın hadisəsi ilə əlaqədar öz proqramına dəyişiklik edib.
İTV-nin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, musiqili və əyləncəli xarakterli verilişlər proqramdan çıxarılıb.
“İndi maşın vaxtı deyil” - bu sözləri axar.az-a açıqlamasında “Maşın” realiti-şounun müəllifi və aparıcısı Murad Dadaşov deyib.
“Biz “M Group Production” olaraq qərara gəldik ki, bu gün “Maşın” realiti-şousu yayımlanmasın. ANS telekanalı ilə məsələni müzakirə etdik və rica etdik ki, bizi bu gün yayımdan çıxarsınlar. Çünki baş verən məlum hadisəyə biganə yanaşa bilmərik. Bununla bağlı axşam efirdə rəsmi açıqlama olacaq, özüm axşam xəbər efirində olacağam. Canlı yayımda bunu rəsmi elan edəcəyəm. Bu dəqiqə hər kəsin duaları xəsarət almış və dünyasını dəyişmiş insanların yanındadır, indi maşının vaxtı deyil” - deyə M.Dadaşov bildirib.
Qeyd edək ki, “Maşın” realiti-şousu hər axşam saat 22:00-da yayımlanır.
Azad Azərbaycan Televiziyası da efir yayımında dəyişiklik edib. ATV.az-da verilən xəbərə görə, dəyişiklik bu gün Binəqədi rayonunda 16 mərtəbəli binada baş verən dəhşətli yanğın hadisəsi ilə əlaqədardır. Dəyişikliyə əsasən bu gün saat 19:00-da “Gündəlik” verilişi və şou xarakterli digər proqramlar yayımlanmayacaq.
Mənbə:> Virtualaz.org