Azərbaycanlı teleaparıcının qızını bağçada bu hala saldılar – FOTO
Bakı şəhər Yasamal rayonu 117 saylı uşaq bağçasında dəhşətli hadisə baş verib. Belə ki, bağçada iki yaşlı Səadət İsmayılova məsuliyyətsizlik ucbatından zərər çəkib.
Uşağın anası Şəfiqə Əfəndiyeva hadisədə günahkar tərəfin tərbiyəçilər olduğunu söyləyib: "Dünən axşam ərim uşağı bağçadan götürdükdə, uşağı görərkən dəhşətə gəlib. Səadətin bədənində əzik və dişlək yerləri olub. Tərbiyəçi deyib ki, uşağı Murad adlı qrup yoldaşı dişləyib. Biz tərbiyəçinin bu vaxt hara baxdığını soruşanda, onun yerində olmadığını, dayənin isə sıyıq gətirmək üçün çıxdığını dedilər. Mən başa düşmürəm, uşaqları tək necə qoymaq olar və onun ağlamağını necə eşitməmək olar?"
Bağçanın direktoru Solmaz Hacıyeva isə öz növbəsində bildirib ki, hadisə yuxu saatından sonra baş verib: “Tərbiyəçi özünə o zaman “paltar dəyişdirmə yerinə çıxdığını, dayə isə sıyıq üçün” söyləməklə özünə bəraət qazandırdı. Amma fakt odur ki, bu baş verən zaman onların heç biri orda yox idi. Mən bu bağçada işləməyə layiq olmayan bu insanları müdafiə etmirəm.
Bizim otaqda servant var, onu çoxdan götürməli idilər. Səadət ora çıxmağı çox sevir, o çıxan zaman Murad onu itələyib. O, yıxılaraq əzilib. Tərbiyəçi uşağı götürüb, əzik yerinə yaş dəsmal qoyub. Mən bütün bunları bilməmişəm, tədbirdə idim", - direktor söyləyib.
Solmaz Hacıyeva uşağı o vəziyyətdə gördükdən sonra izahat istədiyini deyib: "Onlar mənə baş verənləri danışdılar. Onlara inanmadım, bağçada quraşdırılmış müşahidə kamerasına baxdım. Kadrlarda Muradın Səadəti dişləməsi və Səadəti itələməyi görünür. Ancaq uşaqlar günahkar deyil, günahkar tərbiyəçi və dayədir. Onları və belə işçiləri saxladığım üçün məni də bağışlamaq olmaz. Onları işdən azad edəcəm. Biz təzminat ödəməyə hazırıq”, - deyə S.Hacıyeva bildirib.
Qeyd edək ki, Ş.Əfəndiyeva on ildən artıqdır ki, “İctimai” telekanalının aparıcısıdır. Hazırda isə “Qadın dünyası” verilişinin aparıcılığını edir.
Mənbə:> ANSPRESS