Azərbaycan tarixinin alman səhifələri – VİDEO
Euronews telekanalında yayımlanan “Azərbaycan həyatı” proqramında Göygölə həsr edilmiş süjet göstərilib.
Oxu.Az Euronews-a istinadən kanalın “Şərab, su kəməri, əczaxanalar: Azərbaycan tarixinin alman səhifələri” süjetini təqdim edir.
Müasir Göygöl XX əsrin 40-cı illərinə qədər Yelendorf adlanıb. Yaşayış yerini almanlar belə adlandırırdılar. İlk iki yüz ailənin səyi ilə burada tipik alman memarlığı və mədəniyyəti ilə koloniya meydana gəlir. İnsanlar regiona müxtəlif səbəblərdən gəlirdilər.
Göygölün Turizm və Mədəniyyət Departamentinin nümayəndəsi Şərci Sümbatova deyib:
“Almanlar bura 19-cu əsrin əvvəlində köçüblər, onlar əsasən Vütemberqdən idilər. O zaman bu region çox kasıb idi. Müharibə Almaniyaya yoxsulluq, işsizlik gətirdi. Eyni zamanda, Rusiya hakimiyyəti Qafqazda xristianların sayını artırmaq istəyirdi”.
Bugünkü Göygöldə alman qalmayıb. İcmanın sonuncu nümayəndəsi Viktor Klayn 2007-ci ildə 72 yaşında vəfat edib. Onun irsinə dostu azərbaycanlı Fikrət İsmayılov qayğı göstərir. Bu divarlar arasında Azərbaycan almanlarına həsr edilmiş muzey yaradılacaq.
Evə baxış – keçmişə, tarixə və bir ailənin keçmişinə, bir qədər də ümumilikdə icmanın tarixinə ekskursiya. Viktor ixtisasca radiotexnik idi, alman, rus, Azərbaycan dillərində rahat danışırdı.
Fikrət İsmayılov danışır:
“Biz Viktor ilə 1951-ci ildə gənclər düşərgəsində tanış olmuşuq. Biz ölənə qədər dost olmuşuq, bir-birimizə qonaq gedirdik. Bir-birimizə çox yaxın olmuşuq”.
1941-ci ildə Böyük Vətən Müharibəsinin başlaması ilə əlaqədar almanların çoxu Moskvanın göstərişi ilə deportasiya olundu. Kim isə Sibirə, kim isə Orta Asiyaya. Viktorun ailəsi möcüzə nəticəsində qalmağa nail oldu. O zamanlar Azərbaycandan 22 mindən artıq etnik alman köçürülüb.
Fikrət İsmayılov danışır:
“Viktorun atası polyak mənşəli həkim, partiya üzvü idi. Hakimiyyət o zaman qarışıq ailələrə toxunmamağı qərara aldı. Ona görə də Klaynlara qalmağa icazə verdilər”.
Viktor da azərbaycanlı almanların bir çoxu kimi şərabçılıqla məşğul idi. Zamanla yaxşı şərab regionun vizit kartına çevrildi. 1860-cı ildə iki alman ailəsi burada ilk şərabçılıq sənayesinin təməlini qoyurlar. Yelendorf şərabı həm yerli, eləcə də Avropa bazarlarında şöhrət tapır. Fabrika sovet dövründə liker və konyakların hesabına çeşidlərinin sayını artırır.
Alman təsiri regionun memarlıq simasında da aydın görünür. 1857-ci ildən Yelendorfu lüteran kilsəsi (indi orada muzeydir) bəzəyir. Fikrət İsmayılov ixtisasca memardır. O danışır:
“Biz onlardan çox şey öyrəndik, onlar da bizdən. 1822-ci ildə düz küçələri olan şəhərsalma növü irəliyə doğru atılan böyük addım idi. Çünki Azərbaycan şəhərlərində küçələr əsasən burulmuş olur”.
Sakinlərin sözlərinə görə, şəhərdə ilk su kəmərinə, əczaxana, araba və fayton emalatxanalarına görə alman köçkünlərinə minnətdardırlar. Müasir Göygöldə o dövrə aid 300-ə yaxın alman tikilisi qalıb.
“Azərbaycan həyatı” proqramının növbəti buraxılışı respublikanın mis paytaxtı Lahıca həsr olunub.
Mənbə:> Oxu.Az