Prezident “Azərişıq”la bağlı sərəncam verdi
Azərbaycan prezidenti İlham Əliyev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında sərəncam imzalayıb.
Oxu.Az-ın məlumatına görə, “Azərişıq” ASC-də səhmdarların ümumi yığıncağının səlahiyyətlərini həyata keçirmək aşağıdakı dövlət orqanlarına həvalə edilib:
Nazirlər Kabinetinə:
Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;
Cəmiyyətin inkişafı strategiyasının müəyyən edilməsi;
Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi;
Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanmasına razılıq verilməsi;
Bu sərəncamda qeyd edilənlər istisna olmaqla, Mülki Məcəllə ilə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
Əmlak Məsələləri Dövlət Komitəsinə:
Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi.
Sərəncama əsasən, Nazirlər Kabineti “Azərişıq” ASC-nin nizamnaməsini və strukturunu 1 ay müddətində Azərbaycan prezidenti ilə razılaşdıraraq təsdiq etməli, prezidentin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamalı, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını 3 ay müddətində təmin etməli mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat verməlidir.
Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
Mənbə:> Oxu.Az