ABU-da təhsili yarımçıq qalanların attestatları qaytarılır
Təhsil Nazirliyi bəyanat verdi.
Аzərbaycan Beynəlxalq Universitetində müəyyən səbəblərdən təhsillərini yarımçıq qoymuş bu və ya digər şəxslərin Təhsil Nazirliyinin bazasında olan attestatlarının qaytarılmasına başlanılır.
Bunu Azərbaycanın Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib.
Onun sözlərinə görə, nazirliyə çoxsaylı müraciətlər olur ki, fəaliyyəti dayandırılmış ABU-da bu və ya digər səbəbdən təhsilləri yarımçıq qalmış şəxslər attestatlarını ala bilmirlər.
“Buna görə də, Təhsil Nazirliyi ilk mərhələdə 5 min nəfərin attestatının qaytarılmasına başlayacaq. Bu, tarix olaraq növbəti həftənin birinci günündən başlayacaq, bizim 146-1 “Qaynar xətt”imizə həmin attestatı olan şəxslər müraciət edirlər, qeydiyyatdan keçirlər, sonra isə şəxsiyyətini təsdiq edən sənədlə Təhsil Nazirliyində vətəndaşların qəbulu şöbəsinin həftənin 2-3-cü günləri yaxınlaşaraq öz attestatlarını ala bilərlər”.
C.Valehov sonda bir daha vurğulayıb ki, söhbət ABU-nun diplomları yox, attestatlarından gedir.
Mənbə:> Oxu.Az