Bu hadisə sivilizasiyanı məhv edə bilər
Alimlər vulkanların bu əsrin sonuna qədər sivilizasiyanı məhv edə biləcəyini iddia edir. ANS PRESS-in məlumatına görə, bu barədə iddialar “Avropa Elm Fondu”nun internet saytında qeyd olunub.
Dünya üçün təhlükə yaradan təbii fəlakətləri araşdıran alimlər böyük bir vulkan partlayışının insan nəslinin sonu ola biləcəyi ehtimalının 5 ilə 10 faiz arasında olduğunu deyib.
İndoneziyada 1815-ci ildə baş vermiş vulkan nəticəsində 100 000 nəfərin öldüyünü xatırladan alimlər bildirib ki, bu günkü əhali sayı nəzərə alınanda oxşar bir partlayışın daha ağır nəticələri ola bilər.
Təxminən 10 000 il əvvəl başlayan Holosen dövründə 7 bal gücündə ən azı 7 vulkanın baş verdiyini bildirən araşdırmaçılar, həmin təbii fəlakətlərdən biri xaric digərlərində dünya əhalisinin 1 milyarddan az olduğunu, bu əsrin axırına qədər insan sayının 12 milyarda çatacağını vurğulayıblar.
Böyük partlayışdan sonra atmosferə toz və qaz püskürəcəyi, bu vəziyyətin havanın hərarətində dəyişikliklər yaradacağı bildirilərək İslandiyada 1783-cü il və İndoneziyada baş vermiş Tambora vulkanlarından sonra baş vermiş qıtlıq, quraqlıq və epidemiyalar nümunə göstərilib.
Təbii fəlakətlərlə mübarizədə beynəlxalq cəhdlərin əsasən sunami və zəlzələlər üzərində dayandığını bildirən alimlər daha böyük fəsadları olacaq vulkanların ikinci plna atıldığını bildiriblər.
Vulkan nəzarət şəbəkəsi qurulmasının vacib olduğunu bildirən alimlər, bu şəbəkənin illik maliyyətinin 2 milyard dollar olacağını açıqlayıblar.
Tarixdəki böyük vulkanlar:
İtaliyanın Neapol körfəzi sahilində yerləşən Vezuvi vulkanının püskürməsi nəticəsində Pompey şəhəri xəritədən silinib və 4 000 nəfər dünyasını dəyişib.
İtaliyanın Sicilya adsasında Etna vulkanının 1669-cu ildə püskürməsi nəticəsində Kataniya şəhərində 20 000 nəfər ölüb. Həmin fəlakət zamanı şəhərin küçələrində "lava çayı" axdığı bildirilir.
İslandiyada 1783-cü ildə Laki vulkanının püskürməsi heyvandarlığa və balıqçılığa təsir etmiş, bundan sonra baş vermiş qıtlıqda əhalinin 20 faizi (20 minə yaxın) ölmüşdü.
İndoneziyanın Sumbava adasında 1815-ci ildə Tambora vulkanının püskürməsi zamanı meydana gələn qasırğa və sunami 12 000 nəfərin ölümünə səbəb olmuş, bu püskürmədən sonra atmosferdə böyük toz buludları yaranmışdı.
İndoneziyaya aid Karakatay adasında 1883-cü ildə yüzlərlə atom bombası gücündə vulkan partlayışı 30 metr hündürlüyündə sunamiyə səbəb olmuş, nəticədə 35 000 nəfər ölmüşdü. Bu partlayışdam sonra yaranan böyük toz buludları səbəbindən bölgə illərlə qaranlıqda qalmış, dünyada havanın hərarəti 2 dərəcə soyumuşdu. Atmosferə yayılan toz səbəbindən 2 il müddətində ay bəzən mavi, bəzən də yaşıl görünüb.
Martinika adasındakı Peli vulkanı 1902-ci ildə Sen-Per şəhərini qaz və qızğın küllə örtmüş, 29 937 nəfərdən sadəcə 4 nəfər sağ qalmışdı.
Filippindəki Pinatubo vulkanı 600 illik fasilədən sonra 1991-ci ildə yenidən fəaliyyətə keçmiş və təxminən 750 nəfərin ölümünə səbəb olmuşdu. Pinatubodan yayılan və 20 milyon tona çatan sulfat turşusu buludu həftələrlə ekvatoru əhatə etmiş, qütblərinə yayılmış, bütün planeti örtərək günəş şüalarını geri əks etdirərək yer üzünün soyumasına səbəb olmuşdu.
İslandiyada 2010-cu ildə fəaliyyətə keçən Eyyafyadlayyöküdl vulkanının püskürtdüyü küllər 100 mi8ndən çox təyyarə səfərinin ləğv olunmasına səbəb olmuş, beynəlxalq uçuşlarda bir həftəlik xaosa səbəb olmuşdu.
Mənbə:> ANSPRESS