Bakıda külək yaşayış evinin damını uçurdu – VİDEO
At yalı qəsəbəsində külək Butayevlər ailəsini çıxılmaz durumla üz-üzə qoyub. Ailə açıq səma altında qalıb.
ANS TV-nin məlumatına görə, Butayevlər ailəsi səhər oyandıqlarına peşman olublar. Səhər saatlarından əsən güclü külək onların At yalı qəsəbəsində yerləşən evinin üstünü damsız qoyub. Sözün əsil mənasında, amansız külək otaqlarının və sanitar qovşaqlarının tavanını yerlə yeksan edib. Ailə başçısı deyir ki, hadisə baş verən zaman işdə olub. Evdə yalnız əlil övladı ilə baldızıymış. Xoşbəxtlikdən tavan aşan zaman onlar xəsarət almayıb.
“Səhər evdən çıxıb işə getmişəm. İşdə olarkən telefonuma zəng gəldi ki, bəs evin dam örtüyünü külək aparıb. Bundan sonra evə gəldim. Hər şeyi öz gözlərimlə gördüm. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb”, – deyə zərərçəkən İslam Butayev bildirib.
Dam örtüyünün aşması nəticəsində tək evin tavanı deyil, həmçinin qaz boruları da zədələnib. Evin qaz sayğacı da yerindən çıxıb. Nəticədə ailənin həm başının üstündəki damından olub, həm də təbii qazsız qalıb.
“Hadisə baş verən an qaz xətti də sırada çıxıb. Bu zaman evdə fiziki qüsuru olan uşağım olub. İndi nə edəcəyimizi bilmirik” , - deyə evin xanımı Gülnarə Butayeva qeyd edib.
Məsələilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən bildirdilər ki, sakinin qaz borusuna baxış keçirdikdən sonra, qurğunun təbii fəlakət nəticəsində zədənldiyi dəqiqləşdirilək akt tərtib ediləcək. Bundan sonra vətəndaşın mənzilinə yeni sayğacın quraşdırılması mümkün olacaq.
Mənbə:> ANSPRESS