“Metropark”da kütləvi zəhərlənmə ilə bağlı cinayət işi başlandı
Bakıda ticarət mərkəzində baş verən zəhərlənmə hadisəsi ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, ötən gün Nərimanov rayonu ərazisindəki “Metropark” ticarət mərkəzində kütləvi zəhərlənmə baş verib. Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, hadisə yerində 30-a yaxın şəxsə ilkin tibbi yardım göstərilib, 15 nəfər isə hospitallaşdırılıb.
İlkin ehtimala görə, zəhərlənmə qaz sızmasından baş verib.
Mənbə:> Oxu.az