Taksidə siqaret çəkməyin! - Polis 50 manat cərimələyəcək
Taksidə tütündən istifadə edən fiziki və hüquqi şəxsləri qırx manatdan əlli manatadək məbləğdə cərimə gözləyir.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev məlumat verib.
Onun sözlərinə görə, Baş Dövlət Yol Polisi İdarəsi tütündən istifadənin zərəri, ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri, eləcə də nəqliyyat vasitəsində tütündən istifadənin yol hərəkəti təhlükəsizliyi baxımından yarada biləcəyi məqamlarla bağlı taksi fəaliyyəti ilə məşğul olan şəxslərə müarciət edib:
“Taksi fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər bilməlidir ki, sürücünün nəqliyyat vasitəsinin salonunda tütün çəkməsi sərnişinlərin də iradəsindən asılı olmayaraq tütün tüstüsü qəbul etmələrinə və tibbi baxımdan passiv iştirakçı qismində daha çox zərər görmələrinə şərait yaradır.
Eyni zamanda, təcrübə göstərir ki, tütündən istifadə əksər hallarda sürücünün diqqətinin yayınmasına gətirib çıxarır ki, bu da son nəticədə yol-hərəkəti qaydalarının pozulmasına, qəzaların, hətta avtomobildə yanğın hadisəsinin baş verməsinə səbəb ola bilər.
Baş Dövlət Yol Polisi İdarəsi tütündən istifadənin zərərli təsirləri barədə məlumat verməklə yanaşı, taksi fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə xatırladır ki, qanunvericiliyin tələbinə əsasən, taksi minik avtomobilində tütün çəkilməsinə görə - qırx manatdan əlli manatadək məbləğində cərimə nəzərdə tutulur”
Mənbə:> Oxu.Az