Ağır yol qəzası: 1 ölü, 4 yaralı – FOTO
Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.
Hadisə aprelin 6-da, saat 20.30 radələrində Ələt-Astara magistralının 202-ci kilometrliyində - yolun rayonun Şilavar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan “VAZ-2106” markalı, 42 BH 038 dövlət nömrə nişanlı minik avtomobili qəfildən idarəetməni itirərək yolun sağ tərəfinə çıxmaqla qarşı tərəfdən gələn Astara şəhər sakini, 21 yaşlı Elvin Yusif oğlu Əlizadənin idarə etdiyi “Mersedes” markalı, 99 GU 706 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbədən “VAZ-2106” markalı avtomobil deformasiyaya uğrayıb. Hadisə yerinə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin xilasedicilərinin səyləri nəticəsində xüsusi alət və avadanlıqların köməyi ilə deformasiyaya uğramış avtomobildə sıxılıb qalmış sərnişinlər - Lənkəran şəhər sakinləri, 19 yaşlı Ənvər Füzuli oğlu Rəhimzadə və Mirabbas İlqar oğlu Rəhimov, Lənkəranın Şilavar kənd sakini, 18 yaşlı Həsən Gülağa oğlu Hüseynov çıxarılaraq təcili yardım maşınında Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb. Onlardan Həsən Həsənov aldığı çoxsaylı bədən xəsarətlərindən yarı yolda dünyasını dəyişib.
“Mersedes” markalı minik avtomobilin sürücüsü ilə sərnişini, Astara şəhər sakini, 21 yaşlı Qulam Şücaət oğlu Qulamzadə də müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onların hər ikisinə müvafiq tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. “VAZ-2106”-nın xəsarət almış iki sərnişini isə hazırda Lənkəran MRX-da həkim nəzarəti altındadır. Onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
Mənbə:> APA