Narkoloji Mərkəzdəki “yanğın işi”: İntihar etmək istəyirdimsə, camaatı niyə yandırırdım?
Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin təhlükəsizlik üzrə mühəndisi, əməyin mühafizəsi mühəndisi Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Oxu. Az-ın xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə Mərkəzin keçmiş direktoru, təqsirləndirilən Telman Məmmədhəsənovun vəkili Vasif İsrafilov sənədlər təqdim edib. Bunlar yanğın vaxtı xəsarət almış zərərçəkənlərin şikayət və tələblərinin olmaması barədə notarial qaydada təsdiqlənmiş ərizələr və T.Məmmədhəsənovun həm özünün, həm də həyat yoldaşının səhhətində problemlər olması barədə həkim arayışı olub.
Vəkil bildirib ki, T.Məmmədhəsənov şəkərli diabetdən əziyyət çəkir, boynundakı fəqərələr də implant olunub.
Sonra cinayət işində olan ekspert rəyləri təqdim olunub. Rəydə göstərilib ki, hadisə vaxtı Mərkəzdə alkoqolizmə görə müalicə alan və yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov anlaqlı olub, öz hərəkətlərini dərk edib. Ekspertizanın rəyinə əsasən, 25 nəfər tüstüdən zəhərlənmə nəticəsində ölüb. Ekspertizanın nəticəsində həmçinin qeyd olunur ki, hadisə baş verən bina tam yanar materialdan olmaqla, istifadəyə yararsız olub.
Vəkil V.İsrafilov iş materiallarında Məhəmməd Məmmədovla bağlı daha bir məqamı hakimlərin diqqətinə çatdırıb. İttihamda yazılıb ki, M.Məmmədov oğlunun verdiyi rüşvət hesabına, məcburi şəkildə Mərkəzdə saxlanılıb. O, martın 1-də müalicə müddətinin uzadıldığını biləndə özünü öldürmək üçün yanğın törədib.
Təqsirləndirilən M. Məmmədov isə bir daha bildirib ki, yanğını o törətməyib: “Mən özümə qəsd edən olsaydım, çıxıb bayırda özümü yandırardım, camaatı niyə yandırırdım?”
Daha sonra martın 1-dən 2-nə keçən gecə saat 12-dən 4-ə qədər korpusdakı müşahidə kameralarının qeydə aldığı görüntülər məhkəmədə nümayiş etdirilib. Görüntülərdən məlum olur ki, gecə saatlarında bir sıra xəstələr, o cümlədən Məhəmməd Məmmədov da oyaq olub, siqaret çəkmək üçün sanitar qovşağa gedib.
Məhkəmə prosesi fevralın 22-də davam etdiriləcək.
Xatırladaq ki, Narkoloji Mərkəzdə 25 nəfərin ölümü, daha 29-nun xəsarət aldığı yanğına görə beş nəfər cinayət məsuliyyətinə cəlb olunmuşdu. İyulda onlardan dördünün işi məhkəməyə göndəriləndə Mərkəzin şöbə müdiri olmuş həkim Azad Ələkbərovun haqqındakı cinayət işi onun səhhətindəki problemlərlə əlaqədar ayrılmışdı. Sentyabrın 28-də o, həbsdə vəfat etdi.
Məhkəmə qarşısına çıxarılan dörd nəfər isə hadisə vaxtı Mərkəzdə alkoqolizmdən müalicə alan Məhəmməd Məmmədov, Mərkəzin direktoru Telman Məmmədhəsənov, mühəndisi Mahir Abdullayev və şöbə müdiri Afət Məmmədovadır. O, həbsdə deyil, istintaq və məhkəmə dövrü üçün barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.
64 yaşlı M.Məmmədov yanğını törətməkdə, onun müalicə həkimi olmuş A.Məmmədova oğlundan rüşvət alıb onu orada saxlamaqda, digərləri isə vəzifə səlahiyyətlərindən sui-istifadə və yanğın təhlükəsizliyi qaydalarına əməl etməməkdə təqsirləndirilir.
Lakin onların heç biri özlərini təqsirli bilmir. M.Məmmədov bildirir ki, polis idarəsində onu döyə-döyə Mərkəzi yandırması haqda ifadəyə imza atdırıblar.
Azərbaycan cinayət qanunvericiliyində iki və daha çox adamın qəsdən öldürülməsinə görə 20 ilədək və ya ömürlük, vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olanda 3 ildən 7 ilə qədər, dəfələrlə rüşvət almağa görə 8 ildən 12 ilə, yanğın təhlükəsizliyi qaydalarını pozmaqla zərərçəkmişlərin ölümünə səbəb olanda isə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Mənbə:> Oxu.Az