İş başında telefonla danışan sürücü sərnişini hədələdi – VİDEO (YENİLƏNİB)
Metronun “Koroğlu” stansiyasından Qala qəsəbəsinə qədər avtobusda sərnişini hədələyən sürücü barədə protokol tərtib edilib.
Bunu Oxu.Az-a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.
Onun sözlərinə görə, hadisə barədə məlumat məruzə olunan kimi dərhal reaksiya verilib və şəxs barədə operativ tədbir görülüb:
“10-TF-292 nömrə nişanlı avtobusun sürücüsü, 1984-cü il təvəllüdlü Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi sakini Əliyev Natiq Babal oğlu tərəfindən yol hərəkəti qaydasının pozulduğu aşkar edilib”.
“İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə (təhlükəsizlik kəmərini bağlamadan avtobusu idarə etdiyinə) görə və 342.6-cı maddəsinə (nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etdiyinə) görə inzibati xəta haqqında protokol tərtib edilib”, - deyə Vaqif Əsədov qeyd edib.
09:33
Bakıda sürücü metronun “Koroğlu” stansiyasından Qala qəsəbəsinə qədər avtobusu telefonla danışaraq idarə edib.
Oxu.Az-ın “Xəzər” TV-yə istinadən məlumatına görə, 10 dəqiqədən çox telefonla danışan sürücünü avtobusda olan sərnişinlərdən biri çəkib.
Xanım sərnişin sürücüyə telefonla danışmağı barədə irad bildirsə də, o, öz hərəkətinə haqq qazandırmağa çalışıb. Hətta həmin sərnişini avtobusdan düşürməklə hədələyib.
Sərnişin hadisənin dünən axşam saatlarında baş verdiyini və 187 saylı avtobusun sürücüsünün telefonla danışaraq sərnişinlərin həyatını təhlükəyə atdığını deyib.
Mənbə:> Oxu.Az