Amaliya Pənahovanın ölüm səbəbi bəlli oldu – FOTO
Xalq artisti Amaliya Pənahovanın ölüm səbəbi bəlli olub.
Oxu.Az xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov məlumat verib.
O, sosial media hesabında aktrisanın xərçəngdən vəfat etdiyini yazıb.
13:18
Xəbər verdiyimiz kimi, Amaliya Pənahova ilə vida mərasimi davam edir.
Oxu.Az xəbər verir ki, vida mərasimində onun yaxın dostları, Bakı Bələdiyyə Teatrının aktyorları və qohumları iştirak edir.
Qeyd edək ki, Pənahovanın harada dəfn ediləcəyi dəqiq bilinmir. Nazirlik onun II Fəxri Xiyabanda dəfn edilməsini məsləhət görsə də, sənətçinin vəsiyyətinə əsasən, həyat yoldaşının yanında dəfn ediləcəyi gözlənilir.
11:16
Xalq artisti Amaliya Pənahovanın nəşi Təzə Pir məscidinə gətirilib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, mərhumla vida mərasimi sabah saat 12:00-da Akademik Milli Dram Teatrında olacaq.
09:49
Xalq artisti Amaliya Pənahova vəfat edib.
Bu barədə Oxu.Az-a Əməkdar artist Hüsniyyə Mürvətova məlumat verib.
Qeyd edək ki, Amaliya Pənahova 1945-ci ildə Gəncə şəhərində anadan olub. 1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu ixtisasını bitirib.
1964-cü ildən bu günədək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Liza kimi rolları qeyd etmək olar.
1968-ci və 1972-ci illərdə Azərbaycan Lenin Komsomolu və Azərbaycan SSR Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülüb. Teatr və kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə ona 1974-cü ildə Respublikanın əməkdar artisti, 1985-ci ildə isə Azərbaycan SSR-in xalq artisti fəxri adı verilib.
1982-ci ildə ilin aktrisası elan edilmiş, 1998-ci ildə isə türk dünyasının birinci kino festivalında türk dünyasının altı populyar aktyoru sırasında adı qeyd olunub.
Aktrisa həmçinin bacarıqlı rejissor kimi də özünü sınayıb. 43 illik sənət fəaliyyəti dövründə 12 tele və teatr tamaşasına quruluş vermişdir ki, bunların çoxu lentə alınıb, hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Bunlardan İ. Əfəndiyevin “Mənim günahım”, M. Muradın “Təkan”, M. Qurbanovun “Sənsiz”, O. Altunbayın “Tomris”, A. Məmmədovun “Dəli Domrul” və s. xüsusi qeyd etmək olar.
1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb və bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb edib və onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün hər cür lazımi şərait yaradıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə dərs demək üçün dəvət olunub və universitetin professorudur. Dərs dediyi tələbələrin əksəriyyəti Bakı Bələdiyyə Teatrında onunla birgə çalışırlar.
Prezident təqaüdçüsüdür. 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, sosial-siyasət daimi komissiyasının üzvü, MDB Parlamentlərarası Mədəniyyət, İnformasiya, Turizm, İdman daimi Komissiyasının sədri, İtaliya-Azərbaycan Parlamentlərin işçi qrupunun sədri olub.
2013-cü ildə “Obrazın yaranma prosesində aktyor yaradıcılığında ikinci planın təcəssüm vasitələri” mövzusunda doktorluq işini müdafiə edərək sənətşünaslıq elmləri doktoru elmi adını alıb.
17 iyun 2015-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Aktyor Yusif Muxtarovun həyat yoldaşıdır.
Oğlu İlqar Muxtarov Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiridir. 14 aprel 2009-cu ildən 27 yanvar 2016-cı ilədək Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında və eyni zamanda Kosta Rika Respublikasında, Qvatemala Respublikasında, Kolumbiya Respublikasında, Panama Respublikasında, Peru Respublikasında və Honduras Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.
Mənbə:> Oxu.Az