Eldar Əzizov icra başçılarına göstəriş verdi
Havanın kəskin dəyişəcəyi ilə bağlı bütün rayon İcra hakimiyyətləri məlumatlandırılıb.
Bu barədə modern.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Qeyd olunub ki, bununla əlaqədar təsərrüfat xidmətləri xüsusi rejimdə işləyəcək: “Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təsərrüfat strukturları gücləndirilmiş iş rejiminə keçir. Yarana biləcək fəsadların qarşısının alınması üçün rəhbərliyin göstərişilə hazırlıq görülür”.
Eyni zamanda BŞİH-dən əhaliyə müraciət edilərək, avtomobillərin ağacların altında park etməmələri xahiş olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti hava şəraitinin kəskin dəyişəcəyi, Bakıda və Abşeron yarımadasında oktyabrın 26-dan 27-si gündüzədək güclü şimal-qərb küləyinin əsəcəyi ilə bağlı xəbərdarlıq edib. Proqnoza görə, havanın temperaturu ötən günlərlə müqayisədə 10 dərəcəyədək enəcək.
Xatırladaq ki, Bakı Meriyası sentyabrın 23-də Bakıya yağan güclü leysanın gətirdiyi problemlərlə bağlı yaydığı açıqlamada paytaxtda yağış sularının törətdiyi fəsadlara görə, Azərsu ASC-ni ittiham edib.
Meriya subasmaları Azərsu ASC-nin mövcud kollektorlarının fövqəladə hallarda böyük su kütləsinin axıdılmasının öhdəsindən tam şəkildə gələ biliməməsini problemi yaradan səbəb kimi göstərib.
Mənbə:> Virtualaz.org