Hava yenidən dəyişəcək: yağış, leysan, dolu...
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.
Departamentdən virtualaz.org-a verilən məlumata görə, Bakı və Abşeron yarımadasında iyunun 7-si axşamdan 9-u gündüzədək şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. İyunun 9-da gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.
İyunun 7-si gündüz şimal və qərb rayonlarından başlayaraq Azərbaycanın bəzi bölgələrində havanın qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur. Qeyri-sabit hava şəraiti iyunun 11-dək davam edəcək.
Mənbə:> Virtualaz.org