Deputat: Uşaqların boyuna nə qədər “Cırtdan”ın fokusundan baxmaq olar?
Biz bu xalqa, uşaqlarımıza, onların boyuna nə vaxta qədər “Cırtdan”ın fokusundan baxacağıq?
Oxu.Az-ın xəbərinə görə, bunu deputat Zahid Oruc parlamentdə çıxışında deyib.
O, sual edib ki, məgər “Cırtdan”dan savayı, uşaqlarımıza öyrədilməli olan obraz, balaca qəhrəman yoxdur?
Millət vəkilinin qeyd etdiyinə görə, dərsliklərdə yer alan və bizə çox adi gələn nağıllar uşaqların formalaşmasına təsir edir:
“Məlikməmməd” nağılının mahiyyətində qardaşın qıza görə qardaşını quyuya salması durur. Nə qədər “Cırtdan” nağılı demək olar?! Millətdə sanki bu obraz yaradılır.
“Uşaq və buz” şeirinin mahiyyətinə baxaq, burada uşaqla buzun mübarizəsində uşaq buzun üstündə dayanmaq istəmir, onu yazla hədələyir… Bunu nə qədər öyrətmək olar? Başqa əsər yoxdur? Uşaqlar 80 faiz informasiyanı kompüterdən alır.
Uşaqlara nə qədər qadağan etsək də, onun qarşısını ala bilməyəcəyik. Biz alternativ vasitələr yaratmamışıq. Ona görə də “Selena”ya baxırlar. Ölkəmizdə bir dənə milli oyun yoxdur. Nəyə baxacaqlar? Axı biz alternativ nə yaratmışıq?”
Mənbə:> Oxu.Az