Bakı azad olunduğu gün “Azərbaycan” adlı günəş doğdu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Tarix

Bakı azad olunduğu gün “Azərbaycan” adlı günəş doğdu

Bakı azad olunduğu gün “Azərbaycan” adlı günəş doğdu


Azərbaycan xalqının, Azərbaycan türklərinin milli oyanış prosesində, habelə dövlət və dövlətçilik ideyalarının formalaşmasında milli mətbuatımızın rolu böyük və əvəzolunmazdır. Elə buna görə milli mətbuat tariximizin başlanğıcı ilə milli şüurumuzun oyanış tarixinin üst-üstə düşməsi əsla təsadüfi hadisə deyil.

Artıq fəxrlə deyə bilərik ki, 1875-ci ildə böyük maarifçi, Azərbaycan xalqının böyük oğullarından olan Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı ötən müddət ərzində çox böyük inkişaf yolu keçdi. Onun başlatdığı maarifçilik hərəkatının bəhrəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması ilə mediamız 1918-ci ildə dinamik inkişaf üçün şans qazandı, ziyalılarımız müstəqil mətbuatın, söz, fikir azadlığının inkişafına misilsiz xidmətlər göstərdilər.

Bu gün milli mətbuatımızın avanqardı olan "Azərbaycan” qəzeti də bizə məhz o illərin - Xalq Cümhuriyyətinin yadigarıdır və buna görə hər bir azərbaycanlının qəlbində onun xüsusi yeri var.

Qeyd edək ki, qəzet tarixi bir gündə - Bakı şəhərinin Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad olunduğu 1918-ci ilin 15 sentyabr tarixində Gəncə şəhərində nəşrə başladı.

Elə bu səbəbdəndir ki, “Azərbaycan”ın ilk sayında Bakının azad olunması, Qafqaz İslam Ordusunun qardaş köməyi barəsində kifayət qədər yazılar, informasiyalar dərc olundu. Bu haqda xəbərlərdə deyilirdi ki, Azərbaycan Cümhuriyyəti adına Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa həzrətləri tərəfindən belə bir teleqram gəlib:

“Bismillahir-rəhmanir-rəhim. Bakı şəhəri, 15.09, saat 9-a işləmiş igid ordu hissələrimiz tərəfindən zəbt olundu. Qafqaz İslam Ordusu komandanı Fəriq Nuru”.

Qəzetin ilk sayında “Bakının süqutu” başlığı altında yazı və bir neçə təbrik teleqramları dərc edildi. Belə təbriklərin birini isə Nuru Paşaya Fətəli Xan Xoyski göndərmişdi:

“Qafqaz İslam Ordusu komandanı səadətli Nuru Paşa həzrətlərinə! Təhti-komandanızda olan cəsur türk əsgərləriniz tərəfindən Azərbaycanın paytaxtı olan Bakının düşməndən azad edildiyi münasibətilə millətin zati-ali həmiyyətpərvərənlərinizi dünyanın ən nəcib əsgəri olan türk oğullarına minnətdar olduğunu ərz etməklə ixtiyar edirəm, əfəndim. Heyəti-vüsəla rəisi Fətəli xan”.

Eyni zamanda, qəzetin ilk sayında Nuru Paşanın sentyabrın 15-də Gəncəyə göndərdiyi teleqram da dərc olunmuşdur:

“Gəncədə Azərbaycan Cümhuriyyəti Rəyasəti-Alisinə. Azərbaycan Cümhuriyyətinin paytaxtı olan Bakı şəhərini ziyarət etmək üzrə Heyəti-Vükəlanın yarın Bakıya təşriflərinə müntəzirəm, əfəndim. 15.9.34. Yavərani-həzrəti-şəhriyaridən Fərik-Nuru”.

Onu da qeyd edək ki, “Azərbaycan”ın Gəncədəki nəşr dövrü cəmi 10 gün çəkdi, həftədə iki dəfə, cəmi dörd sayı işıq üzü gördü. Növbəti saydan etibarən qəzetin nəşri Qafqaz İslam Ordusu tərəfindən azad edilən baş şəhərimiz paytaxt Bakıda davam etdi.

Ümumiyyətlə, fəaliyyət göstərdiyi iki il -1918-1920-ci illər ərzində iki dildə çıxan “Azərbaycan” qəzetinin Azərbaycan dilində 443, rus dilində isə 438 sayı çap olundu.

İlk sayları Heyəti-İdarə, Heyəti-Təhririyyə kimi Redaksiya heyəti mənasını ifadə edən məsul şəxslər qrupu tərəfindən çap edilən “Azərbaycan” qəzetinə müxtəlif vaxtlarda Üzeyir Hacıbəyli, Ceyhun Hacıbəyli, Xəlil İbrahim, qəzetin rusdilli variantına isə Səfi bəy Rüstəmbəyli baş redaktorluq etdi.

“Azərbaycan”ın sonuncu nömrəsi 27 aprel 1920-ci ildə çapdan çıxdı. Hansı ki, Azərbaycan Xalq Cümhuriyyətinin ikinci ildönümünə cəmi bir ay, bir gün qalırdı. Ancaq cəmi bir il qabaqkı kimi millətsevərlərin ölkəsi də, qəlbləri də bayram şadyanalığı ilə coşub-çağlamayacaqdı. Milli Şura günahsız insanların qətllərinə yol verməmək üçün od-alovla, qan-qada ilə gələn XI Qızıl Orduya hakimiyyətin könüllü təhvil verilməsi barədə qərar qəbul etmişdi.

Beləliklə, 1920-ci ilin 28 aprel işğalı, ilhaqı nəticəsində Azərbaycanın dövlət müstəqilliyi ilə birlikdə “Azərbaycan” qəzetinin fəaliyyətinə son qoyuldu. Ölkəni işğal edən bolşeviklər aprelin 30-da “Azərbaycan”ın redaksiyasını və mətbəəsini də yağmaladılar.

Mətbəə “Revkomun mətbəəsi” (İnqilab Komitəsinin mətbəəsi) adlandırıldı. “Azərbaycan” qəzetinin maddi-texniki bazası və kollektivi əsasında müstəqilliyə əks mövqe tutan "Kommunist” qəzetinin nəşrinə başlandı.

“Azərbaycan” bir daha 1989-cu ilin sonlarında, Azərbaycanda milli-azadlıq hərəkatının vüsət aldığı dövrlərdə yenidən bərpa olundu. Qəzetə Azərbaycan mətbuatında və siyasətində böyük xidmətləri olmuş istiqlalçı millət vəkili Sabir Rüstəmxanlı rəhbərlik edirdi.

Odur ki, 1991-ci ilə Azərbaycanda rəsmi parlament qəzeti təsis edilərkən, “Azərbaycan” adlı qəzet olduğuna görə onu “Azərbaycan” adlandırmaq mümkün olmadı. Nəşrə ilk “Azərbaycan”la eyni dövrdə çıxan, onun redaktor və müəlliflərinin əməkdaşlıq etdiyi “Həyat” qəzetinin adı verildi.

444 nömrədən sonra isə (23 sentyabr 1992-ci ildə) Azərbaycan Respublikasının parlament orqanına öz adı – “Azərbaycan” qaytarıldı. Həmin vaxtdan bu günə kimi “Azərbaycan” qəzeti Azərbaycan parlamentinin orqanı kimi fəaliyyətini davam etdirməkdədir. Həmçinin, Azərbaycanın yazılı mətbuatında öz yerini, öz nüfuzunu qoruyub-saxlamaqdadır.

Bu gün “Azərbaycan” qəzetinin nəşrə başlamasının (həm də Bakının işğaldan azad edilməsinin) 100 ili tamam olur. Azərbaycan xalqının ictimai-siyasi həyatında, tarixində böyük xidmətləri, rolu olmuş “Azərbaycan” qəzetinin 100-cü doğum günüdür, 100 illik yubileydir. Bu tarixi gün, tarixi hadisə ilə bağlı bütün Azərbaycan mediasını, o cümlədən, “Azərbaycan” qəzetinin kollektivini təbrik edir, “Azərbaycanımız var olduqca, “Azərbaycan”ımız da var və əbədiyaşar olsun”, - deyirik!

100 yaşın mübarək, “Azərbaycan”, 100 yaşınız mübarək, “Azərbaycan”çılar!

Bakı azad olunduğu gün “Azərbaycan” adlı günəş doğdu

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *