Hamilə gəlinlərə məsləhət: qaynananıza qulaq asmayın və ...
Hindistanın Andra Pradeş ştatında bir çox hamilə qadınlara məsləhət görürlər ki, onlar papaya və balqabaq kimi meyvələri yeməsinlər, çünki bu, çox “isti” qidadır. Gucarat ştatında isə süd, qatıq və banandan çəkinməyi məsləhət görürlər, çünki bunlar da “çox soyuqdur”. Qidanın bu cür “isti” və “soyuq” bölgüsü bütün Meksika boyunca da yayılıb. Orada hamilələrə pomidor, yumurta və avakado yemək məsləhət görülmür.
Tanzaniyanın bəzi yerlərində hamilə qadınlar ət yeməkdən çəkinirlər, çünki qorxurlar ki, doğacaqları uşaq yedikləri heyvanın xasiyyətlərini götürsün. Bütün Afrika boyunca guya yumurta yeməkdən qısırlıq törəndiyi barədə inam geniş yaylılıb. Bir çox Afrika və Asiya icmalarında belə bir səhv fikir geniş yayılıb ki, guya döşlə əmizdirməni doğuşdan bir neçə gün sonrayadək təxirə salmaq olar və guya doğuşdan dərhal sonra döşdən gələn bulamanı çağaya yedirtmək olmaz.
"Hamiləlik və Qidalanma" adlı tövsiyələr kitabının redaktoru, professor Carol Lummi-Keefe deyir ki, belə məsləhətlərin kökünü kəsmək çətindir, çünki bu məsləhətləri qadınlara çox vaxt onların inandıqları insanlar verirlər. Ekspertlər onlara nə desələr də, "hər halda yad insanlardır", deyib, daha çox ana və qaynanalarına inanırlar.
Bunun qarşısını almağın yollarından biri bu ola bilər ki, hamilə qadınlıara fərdi, elmi baxımdan əsaslandırılmış pəhriz məsləhəti verilsin. Bu, Yeni Zelandiyadakı Oklend Universitetində Milli Böyümə və İnkişaf Mərkəzinin direktoru, professor Phil Bakerin məqsədlərindən biridir. "Hazırda bizim hamilə qadınlara verdiyimiz məsləhətlər çox ümumidir və yerdən-yerə ziddiyyətlidir… Uzunmüddətli məqsəd bu olmalıdır ki, hamiləlik fəsadlarının ən çox olduğu yerlərdə məsləhətlərin işlənib hazırlanması üçün ucuz başa gələn sınaqlar keçirilsin".
Bol meyvə-tərəvəz yeyin – gündə azı beş dəfə tərkibində zülallar olan qida - ət, balıq, yumurta, qoz və paxla, həmçinin kalsiumla zəngin süd və qatıq yemək mühümdür. Skumbriya və sardina kimi yağlı balıqlar xeyirlidir, lakin bunlardan köpək balığı və qılınc-balıq kimi balıqları yeməyin. Çiy yumurtadan, çiy ətdən, çiy molyuskadan və hər cür pasta və əzmələrdən uzaq durun. Bakerin fikrincə, bətndəki şərait dölün davamlı sağlamlığı üçün uzunmüddətli təsirlərə malikdir və uşağın bətndə qidalanmasının optimallaşdırılmasının həyati əhəmiyyəti var. Linda Geddes deyir ki, elə məhz buna görə də ziddiyyətli məsləhətlər təhlükəli ola bilər: "Hamilə qadınlar çox həssas olurlar. Çox vaxt bu onların ilk hamiləliyi olur və bətnlərindəki uşaq üçün hər şeyi etmək istəyirlər. Bətndəki uşağa hər hansı bir şəkildə ziyan dəyəcəyi barədə fikrin özü onlar üçün dəhşətlidir. Elə bu da onları kommersantların, qorxulu əhvalatların əsirinə çevirir".
Əlbəttə, heç də bütün media xəbərləri dəhşətli deyil. 2014-cü ildə Finlandiyadakı Helsinki Universitetinin professoru Katri Raikkonen şokolad yeməklə şad-xürrəm uşağın doğulması arasında bağlılığı araşdıran təhqiqatının nəticələrini dərc edib. Bu araşdırmaya medianın hay-küylü təbliğat reaksiyasına baxmayaraq, elə birincisi, Raikkonenin özü vurğulayıb ki, şokolad yeməklə xoşbəxt bir uşaq doğmaq arasındakı əlaqə elmi baxımdan isbat olunmayıb. Bununla belə, alim qadın qeyd edir ki, şokoladın inkişafda olan dölə təsirini ağlabatan şəkildə göstərən "bioloji mexanizmlər" mövcuddur. Burada dolayısı ilə, psixoloji əlaqə ola bilər. Ola bilsin ki, hamilə qadın şokolad yeyərkən yaxşı hisslər keçirdiyi üçün bu hissiyyat onun bətnindəki uşağı da müsbət təsirləndirir. Çox cəlbedici səslənir, amma bu barədə elmi konsensus aydındır: qaynananıza çox da qulaq asmayın və şokolad da daxil, internetdən oxuyub öyrəndiyiniz hər şeyə o saat inanmağa tələsməyin.
Mənbə:> ANSPRESS