At Hacı Nuranın yanına necə gətirilib? - Hospitaldan AÇIQLAMA – VİDEO
Teleaparıcı, “Həyat” Fondunun rəhbəri Hacı Nuran Hüseynovun xəstəxanaya yerləşdirilməsi, daha sonra şou biznes nümayəndələrinin kütləvi şəkildə onu ziyarət edərək , şəkilləri sosial şəbəkələrdə paylaşması birmənalı qarşılanmadı. Son olaraq onun yatdığı palataya sürpriz olaraq Poni cinsli at gətirilməsi sosial şəbəkələrdə böyük müzakirələrə səbəb oldu. Bu hadisə eyni zamanda Hacı Nuranın müalicə olunduğu “Ege Hospital”ın fəaliyyətini də gündəmə gətirdi.
Hacı Nuranın müalicə müddətində palataya at gətirilməsi tibbi norma və xəstəxana qaydalarını pozulması deməkdir. Ümumiyyətlə, hospitala heyvanın daxil olması gigyenik-sanitar nəzarətə uyğun deyil. Bu həm də xəstəxanada müalicə alan digər xəstələrin hüquqlarının kobud şəkildə pozulmasıdır.
Nazirliyin mövqeyi
Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Səfayə məsələ ilə bağlı Femida.az-a açıqlama verib:
“Tibb Müəssisəsinə at da daxil olmaqla hər hansı heyvanın gətirilməsi gigiyenik cəhətdən düzgün deyil. Lakin burada özəl klinikadan söhbət gedir və Səhiyyə Nazirliyi bu məsələni yalnız şikayət olduğu halda araşdırır. Hazırki durumda nazirliyin məsələ ilə bağlı hər hansı göstəriş verməsi gözlənilən deyil. Belə hallarda tibb müəssisəsi özü məsuliyyətli olmalı, gigiyenik və epidemolji normaları gözləməlidir”.
“Biz ağır bir xəstənin istəyini yerinə yetirdik”
Ege Klinikasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Türkan Məmmədli məsələ ilə bağlı Femida.az-a bunları deyib:
“Hacı Nuran ictimai şəxsdir. Ponini görmək onun arzusu idi. Belə bir xeyirxah insanın arzusunu yerinə yetirməmək olarmı? Bəzən insani dəyərlər peşə dəyərlərindən ön plana keçir. Hacı ağır bir xəstəliklə mübarizə aparır. Xəstəliklə mübarizə zamanı psixoloji əhval da yüksək səviyyədə olmalıdır. Hacının Almaniyaya getməzdən əvvəl arzusu atını görmək idi. Hətta bizə dedi ki, özüm durub atımı görməyə gedəcəm. Biz də onun bu vəziyyətdə klinikanı tərk etməsinə göz yuma bilməzdik. Nəticədə atı klinikaya gətirmək qərarına gəldik. Çalışdıq ki, son dərəcə gigiyenik qaydalara riayət edək. Onsuz da bizim hospitalda döşəməyə xüsusi maddə vurulur ki, bu da klinikaya dəyən ayaqlardakı bütün zərəli maddələri özünə çəkir. Atın ayağı təmizlənmiş şəkildə hospitala daxil oldu. Poni palatada cəmi 3 dəqiqə qaldı. Hacı Nuran onu bir qədər oxşadıqdan sonra at hospitaldan çıxarıldı. Biz hər şeyi xeyirxahlıq, insanlıq və Hacının sağalması naminə etdik”.
Reklam iddiası
Sosial şəbəkələrdə Hacı Nuranın “Ege Hospital”da müalicəsi ilə bağlı daha bir durum reklam məsələsi oldu. İstifadəçilər Hacı Nuranın xəstəxanaya yerləşdirilməsinin bu qədər ictimailəşməsini reklam adlandırdılar.
Təsadüfi deyil ki, Hacı Nuran Hüseynovu ziyarət edən müğənnilərin çoxu sosial şəbəkələrdəki hesablarında “Ege Hospital”ın adını işarələyir. Daha bir videoda Hacı Nuran onun ziyarətinə gələnlərə minnətdarlığını bildirib və yatdığı “Ege hospital”a təşəkkür edib. Bundan sonra klinikanın bu yolla reklam olunduğu iddiası daha da güclənib. Yeni fəaliyyətə başlayan hospitalın rəhbərliyinin “müştəri” qazanmaq üçün Hacı Nuran Hüseynovu xəstə kimi qəbul etdiyi, qarşılığında isə ona 10 min manat pul verdiyinə dair iddialar yayılıb (yeniçağ.az). Bütün paylaşımlarında xəstəxananı qeyd edən aparıcının bu hərəkəti iddiaların doğru olduğuna əsas verir.
Sosial şəbəkələrdə Hacı Nuranın müalicə aldığı palatadan yayılan bu görüntü isə birmənalı qarşılanmayıb.
Post by aznews.info.
Mənbə:> Femida.az