Tikinti baronlarının harınlığı Bakıda kütləvi etiraza səbəb oldu
Problemli tikinti meydançaları və ictimaiyyətin etirazları, minlərlə zərərçəkənin olduğu fırıldaqlar, alınmış mənzillərin mülkiyyət hüququnun qeydə alınmasında, qazın, suyun və işığın çəkilməsində problemlər... Bütün bunların hamısının bir kökü var: tikintiyə dövlət nəzarəti mexanizmlərinin qeyri-təkmil olması. Bundan isə özlərinin dələduz sxemlərində əliəyri tikinti şirkətləri istifadə edirlər.
Bakının Nəsimi rayonunda, 4-cü mikrorayonda yerləşən Hüseyn Seyidzadə küçəsindəki 2 və 4 saylı evlərin sakinləri artıq bir həftədir ki, onların həyətində “Komfort plaza” şirkəti tərəfindən 16 mərtəbəli yaşayış kompleksinin tikintisinə etiraz olaraq aksiyalara çıxırlar.
Aksiyanın təşəbbüskarlarının sözlərinə görə, bir müddət öncə rayon mənzil-kommunal təsərrüfatının işçiləri uçaq meydançasının genişləndirilməsi və abadlaşdırılması bəhanəsi ilə illərlə burada yerləşən özəl qarajların yerlərini dəyişiblər. Lakin sonradan məlum olub ki, MKT-nin əməkdaşları inşaatçılarla əlbir olaraq tikinti üçün yer açırmışlar.
Virtualaz.org-un əməkdaşları hiddətlənmiş vətəndaşların xahişi ilə 4-cü mikrorayondakı bu həyətdə olub və burada nə yelləncəklərə, nə də uşaq meydançasına xas bir nəsnəyə rast gəlməyiblər! İnşaatçılar artıq bunları da məhv ediblər. Yeni binanın özülünün tikintisi isə tam sürətlə davam edir.
Yerli sakin Zakir Əliyev deyir ki, qarajlardan əlavə, indiki tikinti meydançasının yerində kiçik bir tikili də olub və burada yerli sakinlər ölülərinin xatirəsinə məclislər təşkil edirmişlər. Onu da dağıdıblar, hələ üstəlik, bir neçə ağacı da məhv ediblər.
Dövlət başçısı İlham Əliyevin göstərişlərinə məhəl qoymayaraq, inşaatçılar və kiçik obyektlərin sahibləri və hətta bəzi paytaxt sakinləri onlara hansı səbəbdənsə mane olan ağacları kəsib yox edirlər. Ekologiya nazirliyi protokollar tərtib edir, sonradan cərimələr təyin olunur, lakin bunlar heç kimi qorxutmur – kiçik məbləğdə cərimələr buradakı tikililərdən əldə olunacaq pullarla müqayisəyə gəlmir!
Elə həmin həyətdə yaşayan Solmaz Əfəndiyeva bildirdi ki, Nəsimi Rayon İcra Hakimiyyətinə kollektiv şəkildə müraciət etsələr də, heç bir cavab ala bilməyiblər. “İH tikinti şirkətinin tərəfini saxlayır”, - sakin deyir.
Onun qonşusu Mahir Həsənquliyev əlavə edir ki, tikinti üçün əsas verən sənədlərin təqdim edilməsini tələb etsələr də, şirkət heç bir reaksiya vermir.
Yaxınlıqda yerləşən binalarda yaşayan uşaqlar isə bildirirlər ki, indi onların asudə vaxtlarını keçirməyə, futbol oynamağa yerləri yoxdur...
Mənbə:> Virtualaz.org